15 noyabr 2016-ci il tarixində ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunmuşdur. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xüsusilə bu tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər etmişdir. Tədbirdə həmçinin Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştatının Assambleyasının üzvlərinin təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki baş konsulları, habelə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Amerika Azərbaycan, Türk, Yəhudi icmaları və Hyuston ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində çıxış edən Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara bu əlamətdar günün tarixçəsi barədə məlumat vermiş, habelə Bakı və Hyuston qardaşlaşmış şəhərlər arasında əlaqələr və bu əlaqələrin inkişafı perspektivləri haqqında danışmışdır.
Qonaqları salamlayan Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını qeyd edib, Azərbaycan rəhbərliyinin apardığı məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu gün ölkəmizin gücləndiyini, bütün sahələrdə irəlilədiyini, beynəlxalq arenada nüfuzunun artdığını vurğulayıb. Azərbaycan diplomatı bu il eyni zamanda Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin 40-ci il dönümünün olduğunu qeyd edərək, bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirmişdir. O, bu tədbirin Hyustonda keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, burada fəal və çoxsaylı Azərbaycan diasporasının olduğunu bildirmiş və bu kontekstdə Azərbaycan Mədəniyyət Mərkəzi və onun direktoru İradə Axundovaya Vətənimizin ABŞ-da tanıdılması və ölkələrimiz arasında münasibətlərin inkişafına dəstəyinə görə təşəkkürünü bildirmişdir.
Bundan sonra çıxış edən ABŞ-ın ölkəmizdəki səfiri R.Sekuta Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir. O, Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin təbii olduğunu, iki şəhərin bir çox aspektlərə görə oxşarlığını xatırlatmışdır. R.Sekuta hər iki şəhərin qarşılıqlı olaraq təcrübə mübadiləsinin artırılmasının faydalı olacağına ümid ifadə etmişdir. Səfir Azərbaycanın ABŞ üçün önəmindən danışaraq ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayaraq, iki ölkə arasında enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusilə vurğulamışdır.
Bundan sonra çıxış edən Hyuston şəhər şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik etmiş, onların Hyuston şəhərinin sosial və mədəni həyatına verdiyi töhfələrə görə təşəkkür etmiş və 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini səsləndirmişdir. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinin təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Bayraq Günü münasibətilə bəyannaməni oxumuşdur.
Son bir neçə il ərzində Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunan Azərbaycanın Dövlət Bayrağı Günü tədbirləri artıq ənənəyə çevrilmiş və bu təşəbbüs Texas ştatının rəsmiləri tərəfindən fəal şəkildə dəstəklənir.