KANAL24.AZ
Az Iw En Ru

“İdeyadan biznesə doğru” mövzusunda müsabiqə elan edilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Bakı Biznes Mərkəzi” MMC-nin “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi” filialında (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində) yaradılmış biznes inkubatorun iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədilə “İdeyadan biznesə doğru” mövzusunda müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müsabiqənin başlıca məqsədi biznes inkubatorun iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.

Müsabiqədə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər. İştirak etmək istəyən biznes inkubator iştirakçıları öz biznes ideyalarını biznes plan formasında 2014-cü ilin dekabr ayının 30-dək müsabiqə komissiyasına təqdim etməlidirlər. Müsabiqəyə 2015-ci il yanvarın 10-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yekun vurulacaq.

Biznes planlar çap edilmiş və elektron formatda aşağıdakı ünvanda qəbul olunur: Xaçmaz şəhəri, Bakı prospekti, 45, 4-cü mərtəbə, otaq 1, Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyi./AzerTac/



16:33 02.12.2014