Bakıda vətəndaş mənzilində köməksiz vəziyyətdə tapılıb.
Kanal24.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən döşəmədə yıxılmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.