KANAL24.AZ
Az Iw En Ru

Səməd Seyidova orden verildi

Noyabrın 3-4-də Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetində (ADU) olub. Rektor nazirlə görüşdə Macarıstaın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ADU-da macar dilinin tədrisindən danışıb.
 Rektor universitetdə 22 dilin tədris olunduğunu, macar dilinin Regionşünaslıq və Beynəlxalq münasibətlər və Filologiya fakültələrində Macar dili və mədəniyyətinin öyrənildiyini nəzərə çatdırıb. 
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto macar dilinin universitetdə tədrisini yüksək qiymətləndirib. O, təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin inkişafı üçün təhsilin vacib amil olduğunu söyləyib.

Görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxuyub. O, mühazirəsində dünyada, eyni zamanda ölkəsində gedən iqtisadi siyasət və quruluş dəyişikliklərindən, iqtisadi sahədə gedən rəqabətdən söz açıb.

Azərbaycan Dillər Universiteti adından ali qonağa milli ornametləri özündə əks etdirən xalça hədiyyə olunub.

Sonra nazir Peter Siyarto ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim edib. Mükafatlandırmanın gözəl bir sürpriz olduğunu söyləyən rektor Səməd Seyidov Macarıstan Prezidentinin layiq gördüyü mükafatı almaqdan şərəf duyduğunu bildirib.


07:57 05.11.2014