Kanal24.az xəbər verir ki, “Bakı-2015” Avropa Oyunları Almaniyanın SPORT1 idman kanalı ilə beynəlxalq yayım haqqında müqavilə imzalayıb.
“Bakı-2015”in Təşkilat Komitəsindən AzərTAc-a bildiriblər ki, müqaviləyə görə, SPORT1 telekanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımcısı olacaq. Tamaşaçılar gələn il 17 gün davam edəcək yarışları bu telekanal vasitəsilə pulsuz izləyəcəklər.
SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, açılış və bağlanış mərasimləri də efirə veriləcək.
Razılaşmada həmçinin SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.
Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru cənab Saymon Kleq bildirib: “Biz böyük qürur hissi ilə SPORT1 kanalının birinci Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq. Bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir”.
SPORT1 kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandalar vasitəsilə həyata keçirəcək. Bütün bunlar izləyicilərə ən keyfiyyətli və müvafiq yayım təmin etməklə nəticələnəcək.
Bununla bağlı SPORT1 kanalının icraçı direktoru Olaf Şröder bildirib: “Birinci Avropa Oyunlarının yayımçısı kimi SPORT1 kanalı üç başlıca yayım ərazisində bu tarixi hadisəni təşviq etmək rolunu öz üzərinə götürür. Yalnız SPORT1 kanalında almaniyalı idman həvəskarları Bakıda medal uğrunda mübarizə aparacaq qabaqcıl idmançılarımızın dünya səviyyəli performansını izləyə biləcəklər”.
Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) baş direktoru cənab Maykl Vesper bunun qabaqcıl idmançılar, o cümlədən milyonlarla idman həvəskarı üçün əla xəbər olduğunu deyib: “Bakı-2015” Oyunlarını Almaniyada təşviq etməyə kömək edəcək. Biz birinci Avropa Oyunlarının Almaniyanın nüfuzlu idman kanalında pulsuz yayımlanacağından olduqca məmnunuq”.
Müqaviləyə əsasən, Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.
“Bakı-2015”in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna qeyd edib ki, SPORT1 kanalının işə yanaşması və entuziazmı onu bu üç ərazidə mükəmməl yayım platformasına çevirir. “Avropa Oyunları olduqca önəmli multi-idman hadisəsidir və biz səbirsizliklə tamaşaçıların gözəl Bakı şəhərində keçiriləcək bu oyunları izləyəcəyi günü gözləyirik”, - deyə o bildirib.
SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal “Soçi-2014” Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü xokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.