KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanı qərəzli şəkildə hədəf seçənlərə ən tutarlı cavab

Azərbaycanın öz daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda
apardığı irimiqyaslı bərpa-quruculuq işləri qardaş və dost ölkələri nə qədər sevindirirsə,
suverenliyimizin bərpasını həzm edə bilməyən dairələri bir o qədər məyus edir. Çünki
Azərbaycan bu işləri görərkən bir çox beynəlxalq maliyyə institutlarını öz təsiri altında
saxlayan həmin dairələrə müraciət etmir, onlardan kömək istəmir, ən başlıcası, özünü
borclu və asılı vəziyyətə salmır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksinin
açılışında iştirakı bədxahlarımıza həm də onun mesajıdır ki, təzyiq və təhdidlərə
baxmayaraq, Azərbaycan Böyük Qayıdış Proqramını daha böyük əzmlə davam
etdirəcək və suveren hüquqlarından heç vaxt imtina etməyəcək. Açılış tədbirinin məhz
Cəbrayıl Şəhəri Günündə keçirilməsi, Prezident İlham Əliyevin tədbirdəki çıxışı zamanı
səsləndirdiyi fikirlər Azərbaycanı qərəzli şəkildə hədəf seçənlərə ən tutarlı cavabdır.
“Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür.
Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi,
heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü
hesabına, öz övladlarının fədakarlığı hesabına… Bu günə məyus olan və bu günü qəbul
etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir. Açıq
demək lazımdır, yəni diplomatik dillə qoy, diplomatlar danışsın. Mən Azərbaycan
xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə və bu gün də həqiqət bundan
ibarətdir”.
Cəmiyyətimiz üçün artıq o da sirr deyil ki, başqalarının oyununda alət olmağa
vərdiş etmiş, hər an sahibini dəyişməyə hazır olan Ermənistanı silahlandıranlar onu
yenidən təhlükəli yola sövq edirlər. Amma bu, Ermənistana heç bir halda haqq
qazandırmır. Çünki, maşa olmaq rolunu könüllü şəkildə özü seçib. Prezident İlham
Əliyev Ermənistanı və onu silahlandıran hamilərini, Cənubi Qafqazı qlobal toqquşma
məkanına çevirməklə burada söz sahibi olmağı arzu edənləri bir daha xəbərdar etdi:
“Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab
edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu
günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək
inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik! Mən Ermənistana
da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli
oyunları!”
İstər bəsit erməni sevdasına görə, istərsə də cahil təəssübkeşlik zəminində
Ermənistanın arxasında dayanan siyasi mərkəzlər, nəhayət, etiraf etməlidirlər ki,
Azərbaycan ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan Konstitusiyasının
dəyişdirilməsi və Minsk qrupundan imtina olunması ilə bağlı tələbində tam haqlıdır.
Yalnız bu tələblərin reallaşması ədalətli və dayanıqlı sülhə xidmət edə bilər. Əgər bəzi
dairələrin sözü ilə əməli üst-üstə düşmürsə, bu, sülh fürsətinə vurulan zərbə deməkdir.
Bunu görməmək sadəlövhlükdür. Əgər kimsə hesab edirsə ki, Azərbaycan xalqının
üzləşdiyi riyakar ayrı-seçkiliyə qarşı dözümü hüdudsuzdur, bu da növbəti və
bağışlanılmaz sadəlövhlükdür!
Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi


16:37 06.10.2024