KANAL24.AZ
Az Iw En Ru

Cəbrayıl yeni inkişaf mərhələsinə qədəm qoyub

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad
edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Prezident İlham
Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də
ölkəmizdə Cəbrayıl Şəhəri Günü qeyd olunur.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu,
Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl
düşmən işğalından azad olunub. Azad olunmuş ərazilərə Azərbaycanın Üçrəngli Bayrağı
sancılıb.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək
Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz
dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan
Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir,
ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu
düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal edilmişdi. İşğal zamanı rayon bir şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal
dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 minədək yaşayış
məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı
kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-
hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi
Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa
müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan
edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun
bir şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə
Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Ramin Yahyayev,
Sabirabad rayonu üzrə Maliyyə idarəsinin rəisi


09:26 04.10.2024