Sentyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük
el sənətkarı, Azərbaycan poeziyasının dühası Aşıq Ələsgərin abidəsinin açılışını edib və
açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə
bağlı tarixi çıxış edib.
Aşıq Ələsgər Qərbi Azərbaycanda – Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən
olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu
əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.
Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türk
dünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətlə
xidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil və
tərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.
Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda və
ölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahat
etmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının
150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSR
hökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.
Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik və
düşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndində
qəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz Ulu
Öndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubiley
gecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuş
yubiley konserti baş tutmuşdur. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan
mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik
təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi
ciddi zərər görüb.
Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi
Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik
siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin
göstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş
ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər
yaxından qayğı göstərdiyinin təzahürüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi,
Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi
Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi
əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.
Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına
qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ və
Şərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi,
bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.
Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlıların
taleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair öz
doğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq,
yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır.
Abidənin açılış mərasimindəki çıxışında tarixin dönəmlərəinə nəzər salan Azərbaycan
Prezidenti xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını – 1918-ci ildə
birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü
deportasiyanın baş verdiyini bildirib: “İki deportasiyadan müəyyən müddətdən sonra
Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir
qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına
məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə
əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və
unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti
ilə yaşayırlar”.
“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura
qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan,
Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər,
Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra
edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış
qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi
Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə,
Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi.
Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası
idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar”, –
deyə Prezident bildirib.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru