KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisə

XIX yüzillikdə yaşamış böyük söz və saz ustadı Aşıq Ələsgərin zəngin yaradıcılığı
 Azərbaycanın aşıq ədəbiyyatının inkişafında bir mərhələ oldu. İstər Arazın o tayında, istərsə
də bu tayında neçə-neçə sənətkar Aşıq Ələsgər ədəbi məktəbinin yetirməsidir. Böyük ustadın
irsi öyrənilə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Hələ 70-ci
illərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatla nəşr edildi.
2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200
illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam onun abidəsinin ucaldılmasına
görə verilmişdi.
Abidə Bakı şəhərində qoyuldu. Abidənin açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Tarixin zaman anlamında
dünənlərini xatırladan çıxışda böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi,
xalqımızın yaşadığı iki deportasiyanın ağrıları da xatırladıldı: “Əfsuslar olsun, ondan sonra da
bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu
Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə
mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı
çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün
təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir
neçə ildən sonra orada vəfat etmişdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin
təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı miqyasında qeyd edildiyini, bu
yubiley münasibətilə sənətkarın doğma Ağkilsə kəndində abidəsinin ucaldıldığını, ermənilərin
törətdiyi üçüncü deportasiyada abidənin dağıdıldığını da bildirdi.
Dövlət başçımız onu da dedi ki, “Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının
ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət,
vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97
yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə
baxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninə
qayıtmışdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı bir
sənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Gün
gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və
Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli
nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə
Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi
azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət
edən hadisədir.
Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi


09:23 02.10.2024