KANAL24.AZ
Az Iw En Ru

Aşıq poeziyasını yaşadan, yaradan və bu zirvəni fəth edən, aşıq adı gələndə ilk yada düşən şəxs- Aşıq Ələsgər

Üç il bundan öncə cənab Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin
keçirilməsi ilə bağlı iki sərəncam imzaladı ki, bu sərəncamlardan biri məhz yubiley
tədbirlərinin həm Azərbaycanda, həm də türk dünyasında yüksək səviyyədə keçirilməsi ilə
əlaqədar idi: "İkinci sərəncam isə Dədə Ələsgərin abidəsinin Bakı şəhərində ucaldılması ilə
bağlı idi. Şükürlər olsun ki, biz bu abidənin açılışına şahidlik etdik. Açılış zamanı cənab
Prezident İlham Əliyev nitq söylədi. Tədbir iştirakçıları ilə səmimi görüşünə şahidlik etdik.
Abidənin açılışında abidə qarşısında xatirə fotosu çəkdirdik. Cənab Prezidentin tapşırıqlarını
və mesajlarını canlı olaraq eşitmək də mənə nəsib oldu.
Bildiyiniz kimi aşıq poeziyasını yaşadan, yaradan və bu zirvəni fəth edən, aşıq adı
gələndə ilk yada düşən şəxsdir. Dədə Ələsgər həyatının bütün dövrünü məhz Azərbaycan
aşıq sənətinin inkişafına həsr etmiş, el adamı olmuşdur, Azərbaycanı qarış-qarış gəzib və
xalqın sevimlisi olub. Azərbaycan dilinin qorunub saxlanmasına, Azərbaycan dilində,
Azərbaycan milli-mədəni həyatını, folklorunu çatdıra bilmək, bu dövrdəki gənclərə ötürə
bilmək üçün çoxlu sayda şeirlər, qoşmalar yazıb. Şükürlər olsun ki, bu külliyyatın böyük bir
qismi dövrümüzə qədər gəlib çatıb. Əgər biz orta əsr şairlərini oxusaq, çox vaxt bizə
tərcüməçiyə ehtiyac olur. Çünki daha çox ərəb və fars dilli sözlərdən istifadə olunub. Ancaq
Aşıq Ələsgərin bütün şeirlərini biz heç bir lüğət olmadan oxuyub başa düşürük. Hətta indiki
gənclər, uşaqlar belə bu şeirləri rahatlıqla oxuyub əzbərləyirlər.
Ulu Öndər Heydər Əliyev tərəfindən Aşıq Ələsgərin 150 illik yubileyi Sovetlər
dönəmində keçirildi. Ulu Öndər Heydər Əliyev bu yubiley tədbirlərinin keçirilməsi üçün özü
şəxsən sərəncam verdi və nəzarət etdi. Bu yubiley tədbirləri yalnız Qərbi Azərbaycanda,
Agkilsə kəndində, İrəvanda yox, eyni zamanda Moskvada da keçirildi. Kremlin sütunlu
zallarında hər saat, hər dahi şəxsin yubiley tədbiri olmur. Ancaq Ulu Öndər bunu etdi və aşıq
sənətinə böyük qiymət vermiş oldu. Daha sonra isə məhz Ulu Öndərin təkidi ilə Aşıq
Ələsgərin məzarı üzərində böyük abidə ucaldıldı. Ancaq çox təəssüflər olsun ki, torpaqlarımız
işğal olunduqdan sonra bu abidə də erməni vandalları tərəfindən dağıdılıb. Cənab Prezident
öz çıxışında bir daha qeyd etdi ki, nəyin bahasına olursa-olsun biz o torpaqlara qayıdacağıq
və Dədə Ələsgərin abidəsi də mütləq bərpa olunacaq, onun açılışında da biz iştirak edəcəyik.
Necə ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra bu ərazilərdə
quruculuq, abadlıq işlərinə start verdik. Oralara həyat qayıdır. "Böyük Qayıdış" prosesinə start
vermişik. Şükürlər olsun ki, keçmiş məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıda
bilirlər. Biz inanırıq ki, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
dinc yolla öz torpaqlarımıza qayıdacağıq. Göyçə mahalında həyat yenidən canlanacaq.
Göyçə mahalında yenidən aşıq məclislərinin qurulmasına şahidlik edəcəyik. Dədə Ələsgərin
də ruhu şad olacaq".
"Cənab Prezident çıxışında xüsusilə də, Dədə Ələsgərin yaşadığı acı taleyə toxundu.
1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnak dəstələri tərəfindən böyük miqyasda
soyqırım, deportasiya siyasəti həyata keçirilib. Bu həm Qərbi Azərbaycan torpaqlarında, həm
də indiki Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda olub. 100 mindən çox azərbaycanlı
o qətliamlarda qırılıb. Qərbi Azərbaycandan olan soydaşlarımız da məcburiyyət qarşısında
qalıb qonşu rayonlara köç ediblər. Dədə Ələsgərin də taleyinə Kəlbəcərə köç etmək yazılıb.
Dədə Ələsgər Kəlbəcərdə üç ilə yaxın yaşayıb. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi
Kəlbəcərlə Göyçənin təbiətində elə də böyük fərq olmasa da, Dədə Ələsgər Vətən həsrətinə
dözə bilməyib və çətin də olsa, üç ildən sonra öz kəndinə qayıdıb. Ömrünün sonuna qədər
Göyçə mahalının Agkilsə kəndində yaşayıb. Dədə Ələsgərin də qismətinə deportasiya yazılıb.
Ondan sonra 1948-1953-cü illərdə, hətta 1956-cı ilə qədər davam edən deportasiyanın ikinci
dalğası olub. Nəhayət, 1988-ci ildə Qərbi azərbaycanlılar üçüncü dəfə öz dədə-baba
torpaqlarından didərgin salınıblar.
Cənab Prezident xüsusilə qeyd etdi ki, necə ki, Aşıq Ələsgər dədə-baba torpaqlarına
qayıtdı, sonuncu deportasiya zamanı didərgin düşmüş Qərbi azərbaycanlılar da nəyin
bahasına olursa-olsun öz torpaqlarına qayıdacaqdır. Cənab Prezident bu günə qədər

dəfələrlə Qərbi azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı çıxışlar edib, Qərbi
Azərbaycan İcmasının yenidən təşkili, formalaşması və fəaliyyətinə ən böyük dəstək verib.
Aşıq Ələsgərin abidəsinin məhz Bakı şəhərinin ən gözəl, ən mərkəzi yerlərindən birində
açılması sərəncamını verməsi, bu prosesi daim nəzarətdə saxlaması, hətta heykəlin
müəllifinin də qeyd etdiyi kimi verilmiş layihələr içində özü ən yaxşı layihəni seçməsi, açılışda
iştirak etməsi o deməkdir ki, biz mütləq o torpaqlara qayıdacağıq. Dədə Ələsgərin, o
cümlədən Qərbi Azərbaycandan olan bütün babalarımızın ruhunu şad edəcəyik. Dədə
Ələsgər Dədə Qorqudun davamçısıdır. Biz də öz soykökümüzə sadiq qalaraq o
torpaqlarımıza sahib çıxmalıyıq. Çünki türkün tarixində, türkün kitabında torpaqdan heç
zaman pay olmayıb. Necə ki, Qarabağ torpağını, Şərqi Zəngəzuru geri qaytardıq, inanırıq ki,
Göyçə mahalını da, Qərbi Azərbaycanın bütün 24 rayonunu da geri qaytaracağıq. O
torpaqlara qayıtmaq hüquqlarımızı dinc yollarla bərpa edəcəyik
Ağanəzər Gülməmmədov,
Sabirabad rayon Mənzil istismar sahəsinin rəisi


20:21 01.10.2024