KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı deyil

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadi
məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı
bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.
Dövlət başçısının sözlərinə görə, iqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə o
imkanı qazandırır ki, ölkəmiz eyni zamanda uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici
siyasət apara bilsin və bu proses uğurla davam edir: "2003-cü ildən keçən 21 il ərzində
Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşayıb,
problemlərin əksəriyyəti öz həllini tapıb, hər bir istiqamət üzrə konkret proqramlar həyata
keçirilib. Ötən illərin qlobal iqtisadi böhranı fonunda Azərbaycan iqtisadiyyatının davamlı
inkişafı, bütün sosial proqramların vaxtında həyata keçirilməsi Prezident İlham Əliyev
tərəfindən hazırlanmış milli iqtisadi inkişaf modelinin möhkəm təməl üzərində qurulduğunun
əyani təsdiqidir. Müşavirədə dövlətimizin başçısı bu mühüm məqamlara toxunaraq bildirdi ki,
iqtisadi artım 4,3 faiz olub və bugünkü dünyada gedən prosesləri təhlil edərkən və
ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir.
Qeyd etmək zəruridir ki, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi,
iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf strategiyasının bütün sahələrdə uğurla həyata
keçirilməsi Azərbaycanın nailiyyətlərini şərtləndirən amillərdəndir. Son illərdə də Azərbaycan
iqtisadiyyatı və ümumdaxili məhsul artım nümayiş etdirir. Xarici dövlət borcu isə çox aşağı
səviyyədədir və dövlət başçısının bəyan etdiyi kimi xarici borcun ümumi daxili məhsula
nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır".
"Xüsusilə, Azərbaycan zəngin neft ehtiyatlarından əldə olunan valyuta ehtiyatlarını
səmərəli xərcləməklə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı üçün sərfəli bazanın
yaradılmasına nail olub və hazırda qeyri-neft sektoru iqtisadi potensiala malik strateji
sənayeyə çevrilib. Dövlət başçımız müşavirədə bu məsələyə toxunaraq qeyri-neft sektorunun
7 faiz artdığını vurğuladı. Prezident İlham Əliyevin səsləndirdiyi bu göstəricilər ölkə
iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımların və düşünülmüş islahatların
bəhrəsinin real nəticəsidir.
Dövlət başçısı müşavirədə bu məqama xüsusi diqqət ayıraraq Azərbaycanın iqtisadi
inkişaf modelinin dünyada özünü təsdiqlədiyini diqqətə çatdırdı. Prezidentimiz bir daha bəyan
etdi ki, Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı
deyil.
Bu gün dünya üçün nümunə sayılan ölkəmizin iqtisadi inkişaf modelinin hazırki
göstəriciləri fərəh doğurur. Bu yüksəlişin birmənalı şəkildə müəllifi olan Prezident İlham
Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərləri, tapşırıqları
iqtisadi inkişafımızı sürətləndirəcəyinə, daha böyük inkişafa yol açacağına inam yaradır
Mircamal Həşimov,
Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun müdiri


21:42 27.09.2024