Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ilin əvvəlindən əldə edilən uğurlar və
bu ilin sonuna kimi görüləcək işlər haqqında da fikir mübadiləsi aparıldı.
Ölkə başçısı öz çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə
olduğunu qeyd edərək bildirdi ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Vurğulandı ki, bugünkü
dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda
bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış
addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri
inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyalar xüsusi olaraq qeyd edilməlidir.
Ölkənin qeyri-neft sektoru ilin əvvəlindən 7 faiz artıb. Bildirilib ki, son illər ərzində xarici neft
şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii
olaraq bizim ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərirdi və bu tənəzzül qeyri-neft
sektorunun inkişafı ilə tənzimlənib.
Hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Yeni
layihələrin tətbiqi ilə neft-qaz sahəsində templər müsbət olacağı gözlənilir. Ölkə başçısı öz
çıxışında inflyasiyanın ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olduğunu qeyd edib ki, bu
da çox müsbət göstəridir.
Bu günkü büdcə göstəriciləri dövlətimizin imkanlarını əks etdirir. Azərbaycan heç bir
yerdən heç bir yardım almır, əksinə, ölkənin xarici borcu azaldılır. Xarici borcun ümumi daxili
məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Cəmi 7,5 faiz
təşkil edən xarici borc ölkəmizə imkan verir ki, gələcəkdə daha az vəsait xarici borcun
qaytarılmasına sərf edilsin.
Bu gün Azərbaycanda infrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr
avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin
uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450
körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi.
Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik
stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial
obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün
genişmiqyaslı işlər aparılır.
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəf
bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.
Müşavirədə ölkə başçısı tərəfindən gələn ilin əsas xərclərinin artıq müəyyən edildiyi
verğulanıb. Bu ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyinin təmin
edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri,
Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrdir. Həm sosialyönümlü layihələr,
sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr -
bütün bunlar ölkənin Dövlət İnvestisiya Proqramında öz əksini tapacaqdır.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru