KANAL24.AZ
Az Iw En Ru

VII çağırış Azərbaycan parlamenti demokratik təcrübənin yeni nümunəsidir

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident
İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində
suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı
arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr
də göz qabağındadır. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala
son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz
ruhunu göstərmişdir. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib.
Azərbaycan dövləti İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini bütün
dünyaya qəbul etdirə bilib. Lakin ikili standartlar əsasında qurulmuş ittihamlar bu gün də davam
edir. Ancaq bu, nə dövlət başçısının iradəsinə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.
Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında
qarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Ölkə başçısı qeyd etdi ki, birinci nömrəli vəzifə
hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror
əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının
yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri
ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Beynəlxalq hüquq anlayışı tamamilə
sarsılıb. Belə ki, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük
dövlətlər bunu heç gizlətmirlər. Prezident İlham Əliyev bu əsasda xüsusilə vurğuladı ki, əgər biz
hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək,
gələcəkdə bizi problemlər gözləyə bilər. Bir halda ki, Ermənistanda revanşist qüvvələr baş
qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan
hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror
əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Ölkə başçısı bu mövzuda danışarkən həm
Ermənistana, həm də onun arxasında duran ölkələrə çox ciddi xəbərdarlıq edərək bildirdi ki,
Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Ölkəmiz İkinci Qarabağ
müharibəsindən keçən dövr ərzində öz hərbi gücünü böyük dərəcədə artırıb, yeni silahlı
birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi
Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır və
artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri
aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və
təmin ediləcəkdir.
Prezident İlham Əliyev mühüm vəzifələrdən birinin də məhz yerli hərbi sənaye
kompleksimizin daha sürətlə inkişaf etdirməli olduğunu vurğuladı. Ayrılmış böyük vəsait
hesabına ölkəmizin bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni
avadanlıq, texnika, silah-sursat istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat
sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdi. Ölkə başçısı bildirdi ki, ölkəmiz xarici
mənbələrdən daha az asılı olmalıdır. Çünki yerli hərbi sənaye kompleksinin yaradılması hər bir
ölkənin ümumi gücünü və inkişafını göstərir. Hazırda dünya silah bazarında aparıcı rol oynayan
ölkələr daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında
təbii olaraq qıtlıq yaranıb.Ölkə başçısı qeyd etdi ki, bütün bunlar nəzərə alınmalı, eyni zamanda,
hərbi-texniki məhsullarımızın ixrac coğrafiyası genişləndirilməlidir.
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı Prezident
İlham Əliyev qarşıda dayanan digər bir sıra vəzifələrin də olduğunu diqqətə çatdırdı. Gənc
nəslin düzgün istiqamətdə tərbiyəsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, dövlət sərhədlərinin
təhlükəsizliyin təmin edilməsi, ölkə iqtisadiyyatının davamlı inkişafı məhz bu vəzifələrdəndir.
Teymur İsmayılov,
Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


09:44 27.09.2024