KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Respublikasının dövlətçilik tarixində növbəti mühüm hadisə

23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin
birinci iclasına təşrif buyuran Prezident İlham Əliyevin dəyərli fikirlərini bölüşərək
proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm
hadisələrdən biri kimi yadda qalacaq. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı
Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə
təbrik edib, onlara uğurlar arzulayıb.
Builki prezident və parlament seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə idi
ki, ölkəmizin bütün suveren ərazilərində keçirilib. İkinci Qarabağ müharibəsi və
ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərqərar olması dünya miqyasında tarixi
hadisədir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı güclü iradə, birlik
göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti gücünü, xalqımız isə
bütün dünyaya öz əyilməz ruhunu göstərdi.  
Torpaqlarımızın işğalı dövründə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə
Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun
ərazilərimizin geri qaytarılacağını qətiyyətlə bəyan edirdi. Dövlətimizin başçısı prinsipial
və düşünülmüş siyasət yürüdərək ötən dövrdə ölkəmizi gücləndirdi, onun beynəlxalq
nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması
istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar möhtəşəm Qələbəyə zəmin
yaratdı. Tarixi Zəfər təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə, məğlub xalq
sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət
deməkdir.
Azərbaycan Ordusunun son illər ərzində həyata keçirdiyi çoxsaylı uğurlu hərbi
əməliyyatlar nəticəsində əldə edilən tarixi Zəfərlər ölkə qarşısında yeni imkanlar, yeni
üfüqlər açır. Qarabağ və Şərqi Zəngəzurda erməni separatçılığına birdəfəlik son
qoyuldu, hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş bütün ərazilərimizdə
genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyub və postmüharibə dövründə
bu sahədə əldə olunan nəticələr də göz qabağındadır.
Prezident İlham Əliyev, həmçinin çıxışı zamanı qeyd edib ki, son illər ərzində
Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ
müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə
bildik.
Şanlı ordumuzun qazandığı möhtəşəm qələbələr Azərbaycanın regionda, eləcə
də beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda bizim
siyasətimiz Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirmək, regionda yaranmış
yeni vəziyyətə uyğun addımların atılmasından ibarətdir. Postmüharibə dövründə
regional əməkdaşlıq və inkişaf məsələləri xarici siyasətimizin başlıca prioritetlərindən
biridir.
Cənab İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycana qarşı ikili standartlar
əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın
iradəsinə heç cür təsir edə bilməz.
Erməni vandalizmi dünyanın gözü önündədir. Hazırda elə Qarabağda və Şərqi
Zəngəzurda dağıdılmış abidələrin vəziyyəti, tez-tez minaların partlaması nəticəsində
həlak olan və xəsarət alan vətəndaşlarımızın aqibəti Prezident İlham Əliyevin
çıxışlarında gündəmdədir. Dövlətimizin başçısı beynəlxalq konfranslarda çıxışları
zamanı bu məsələləri hər zaman qaldırır, erməni vandalizmini dünyada ifşa etmək
istiqamətində uğurlu iş aparır. Ermənistan və ona dəstək verən dövlətlər, eləcə də
beynəlxalq təşkilatlar Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Bu baxımdan anti-
Azərbaycan qüvvələr ölkəmizə qarşı böhtan kampaniyası aparır, əssasız ittihamlar
səsləndirirlər. Təbii ki, onların bu iddiaları Azərbaycan dövlətinin uğurlu siyasəti
nəticəsində iflasa məhkumdur.

Dövlətimizin başçısı çıxışı zamanı, həmçinin qeyd edib ki, birinci nömrəli vəzifə hərbi
gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror
əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə
ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda
revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Şübhəsiz ki, heç bir qüvvə artıq həll olunmuş Qarabağ problemini yenidən bərpa
etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Çünki 44 günlük
Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın zəfərləri
erməni faşizmi üzərində qələbə idi. Bu gün hələ də Ermənistanda revanşist düşüncədə
olanlar var. Ermənistan cəmiyyətinin xisləti dəyişməyib, bu ölkədə azərbaycanofobiya,
islamofobiya hələ də tüğyan edir. Bu təcvüzkar dövlətdə azərbaycanlılara qarşı olan
nifrət rəsmi ideologiyaya çevrilib. Amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd
etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk
növbədə, Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi
məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan
bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək. Onlar dəmir
yumruğu unutmamalıdırlar.
Prezident İlham Əliyev, həmçinin Milli Məclisdə çıxışı zamanı beynəlxalq hüquq
anlayışının tamamilə sarsıldığını, Azərbaycanın qarşısında böyük vəzifələr, o cümlədən
ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsinin durduğunu,
 Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, ATƏT-in Minsk qrupunun formal
xarakter daşıdığını, Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni
planlar hazırladığını diqqətə çatdırıb. Eləcə də dövlətimizin başçısı ölkəmizin müdafiə
potensialının daha da gücləndirilməsi, o cümlədən yerli hərbi sənayekompleksimizi
sürətlə inkişaf etdirməli olduğumuzu, daxili təhlükəsizliklə bağlı bütün lazımi tədbirlərin
görüldüyünü vurğulayıb.
Hazırda Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları
göz qabağındadır. Təbii ki, onları erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə,
onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın. Onlar
çalışır ki, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan və Ermənistanın digər
qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin.
Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir yüksək səviyyədə təmin edilir,
sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini
və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb
edilməsi üçün başlıca şərtdir.
Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi
həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il
ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5
dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də
artırılacaqdır.
Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin
səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün
müxtəlif addımlar atılıb. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini
təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin
hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib.
Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkəmizdə demokratiya və
hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin
öhdəsindən layiqincə gələn respublikamızın parlamentinin fəaliyyəti, eyni zamanda,
siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından
olduqca əhəmiyyətlidir.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri


19:42 26.09.2024