Azərbaycan xalqı güclü iradə, birlik göstərərək, 30 il davam edən işğala son qoydu.
Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu
göstərmişdir
Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim
üçün əzizdir, doğmadır. Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli
torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan
olub onların gözünə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə
meydan oxumuş, göz dağı çəkdirmişdir. Çox «mənəm mənəm » deyən hökmdarlar
Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan
başlarını bu torpaqda qoymuşlar. Anamız Tomris bir qılınc zərbəsi iiə Keyxosrovun başını
kəsəndə dünya heyran qaldı türk qadınının hünərinə, igidliyinə. Bəli, bu torpaq özünəlayiq igid
oğullar, qızlar yetirib. Elə igidlər ki, əsrlər keçsə də onların adı xalqımızın daş yaddaşında
əbədi iz buraxmış, gələcək nəsillərə örnək kimi xatirələrdə qalmışdır. Bu gün öz keçmişi ilə -
Cavanşiri, Tomrisi, Babəki, Koroğlusu, Xətaisi, Cavad xanı, Xiyabanisi ilə və daha neçə-neçə
igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi
torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə
başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən
Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin
düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq
hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır
artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış
məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat
nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan
Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının
alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən
əks-hücum əməliyyatlarına başlamışdır. 44 gün davam edən qanlı savaş Azərbaycan
Ordusunun qələbəsi ilə başa çatdı. 44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz
üçün 1 il qədər gərgin və həyəcanlı, qorxu dolu keçdi. Çünki Azərbaycan xalqının adına
yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi.
Azərbaycanın igid oğulları öz canlarını qorxmadan döyüş meydanında torpaq uğrunda fəda
etdilər. Deyir torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Bu Vətənin çörəyi
sizə halal olsun igidlər! Bu qəhrəman oğullar bizlər rahat sivil cəmiyyətdə yaşayaq deyə,
övladlarımız rahat təhsil alsın deyə öz canlarından keçdilər. Bəziləri sağlamlığını itirdi.
İgidlərin qoçaqlığından bütün dünya danışdı. Bir Mübariz, minlərlə Mübariz oldu. Düşmənin
gözünə dik baxdı onlar! Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş
Komandana eşq olsun, - deyirik!
Mən fəxr edirəm ki, mənim böyüdüyüm torpaqda vətənini ana kimi sevən, qoruyan
mərd qardaşlar, oğullar var. Bu oğullar qanla tarix yazdılar. Bu unudula bilməz!Ali Baş
Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya
bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar
əsla unudulmayacaq,
Qarşınızda baş əyirik, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımız!
Orxan Həsənli,
Sabirabad rayon sakini, fəal gənci