2020-ci il sentyabrın 27-dən başlanmış əks-hücum əməliyyatları Azərbaycanın gücünü,
dövlətimizin regionda dayanıqlı sülhə doğru ən düzgün və qısa yolda olduğunu sübut etdi.
Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycanın yaratdığı siyasi reallıqlarla
barışmağa məcbur oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı
ordumuz dünya hərb tarixində unikal bir yenilik etdi. Azərbaycan işğalçı Ermənistanın uzun
illər boyu heç cür qəbul etmək istəmədiyi əsas prinsiplər deyilən çərçivənin mühüm hissəsini
hərbi yolla icra etmək və bundan sonra təcavüzkarı kapitulyasiya aktına imza atmaq kimi
uğurlu formul ortaya qoydu.
Dinc şəkildə ədalətə və beynəlxalq normalara əməl etməyən Ermənistan Azərbaycan
Ordusunun gücü ilə buna məcbur edildi. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik,
həm hərb arenasında, həm də informasiya müharibəsi meydanında bütün qüvvələri vahid
hədəfə yönəltməyin uğurlu nümunəsini yaratdı. Düşmən təxribatlarına uymadan yalnız hərbi
hədəflərlə mübarizə aparan Azərbaycan dünyaya həmçinin müharibə qanunlarını pozmadan
hədəfə yetişməyin mümkün olduğunu sübut etdi. 44 gün ərzində 30 illik təcavüz və etnik
təmizləmə siyasətinin qanunsuz nəticələrini aradan qaldırmaq həqiqətən tariximizin şanlı
səhifəsidir. Bundan sonra Azərbaycanın haqqına hörmət edən, ya da heç olmasa neytral
qalan ölkələrin sayı çoxaldı. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin sayəsində
müharibədən daha da güclənərək çıxdı.
Üçtərəfli Bəyanatın imzalanması dövlətimizin başçısı İlham Əliyevin böyük intellektual
səylərinin əhəmiyyətli nəticəsidir. Dünya tarixi müharibə tam bitməmiş düşmənin “əlinin
arxasını yerə qoyduğu” azsaylı məqamlar tanıyır ki, bunun da ən uğurlu nümunəsini
Azərbaycan yaratdı. Bu qalibiyyətli müharibə Azərbaycan-Türkiyə qardaşlığını daha da
gücləndirdi, sülhyaratma missiyasının icrasında qardaş ölkənin legitim rolunun rəsmən təmin
olunması Prezident İlham Əliyevin tarixi geosiyasi uğurlarından biridir.
Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi
işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər
ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Şuşanın işğaldan azad edilməsi
Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən böyük Zəfər kimi yaddaşlara yazıldı. Bu,
həmçinin müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın
kapitulyasiyası reallaşdı.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün milli
təhlükəsizlik və həmrəylik məsələsi olaraq respublikamızın gələcək siyasi, sosial-iqtisadi
inkişafını şərtləndirdi. Çünki ölkəmizin ərazi bütövlüyünün işğalçı tərəfindən pozulması 30 il
ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərmişdi. Bu həssas məsələyə beynəlxalq
təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməməsi problemin həllini ləngidirdi.
Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli
ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm
Qələbəyə qovuşdurdu.
Nobar Qasımova,
Sabirabad rayon Surra kənd uşaq bağçasının müdiri