KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu

44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixindən bizləri 4 illik
zaman ayırır. 30 ilin işğalına, torpaq həsrətimizə son qoyulduğunu, ərazi bütövlüyümüzün
təmin edildiyini böyük qürur hissi ilə qeyd edirik. Azərbaycanın şanlı  Qələbəsini  şərtləndirən
amillər məlumdur. Tarixi Zəfərimizin  əsasında siyasi-iqtisadi, hərbi sahədə qazanılan uğurlar,
torpaq, Vətən sevgisi dayanır. Ölkəmizin siyasi-iqtisadi müstəqilliyinin təmin olunması
istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azərbaycan iqtisadi möcüzələr ölkəsi
kimi tanınır, dövlətimiz beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi,
Qarabağ probleminin həlli üçün möhkəm hüquqi baza formalaşdırdı. 1993-cü ildə qəbul
olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib
hissəsi olduğu, erməni silahlı birləşmələrinin ərazilərimizdən  qeyd-şərtsiz çıxmaları öz əksini
tapsa da, dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində bu qətnamələr icra
olunmadı. Qarabağ probleminin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in
Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və
bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.
Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmişdir.
Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və problemin danışıqlar
vasitəsilə həllinə çalışmışdır. Mötəbər beynəlxalq təşkilat olan BMT işğalçı Ermənistana təzyiq
göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan
ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra
olunmadı. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi
üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə
nəticə vermədi. Bu müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün
həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-
yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır
zərbə vurdu. Ermənistan bu dövrdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı
vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir. Qeyd etdiyimiz
kimi, 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə
yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq
istəmirik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçilməsi qaçılmazdır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin,
xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Hücum!” əmrini
verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan Ordusu yeni tarix yazdı.
Yazılan tarix sübut etdi ki, başqasının torpaqlarında gözü olmaq beynəlxalq hüququn
norma və prinsiplərinə ziddir, gec-tez ədalət zəfər çalır. Saxta tarix yazan ermənilərin
yaratdıqları “mif”lər də özünə təsəllidən başqa bir şey deyildi. Azərbaycan Silahlı Qüvvələri bu
mifləri dağıtdı, Ermənistan ordusunun nə qədər zəif oluğunu sübut etdi. Azərbaycanın yeni
dövrə qədəm qoymasını şərtləndirən dövlət suverenliyinin tam təmin olunması da şanlı
ordumuzun növbəti Zəfəri oldu. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata
keçirdiyi bir günlük loakl xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan
təmizləndi, suverenliyimiz bərpa edildi. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları
əsasında 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, eyni
zamanda, Dövlət Suverenliyi Günü kimi təsis edildi. Cənab İlham Əliyev 19 sentyabr tarixində
Ağdam, Xankəndi, Şuşa şəhərlərinə səfəri çərçivəsində Böyük Qayıdış Proqramının uğurlu
icrasının təqdimatı olan bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində
iştirak etdi. Dövlətimizin başçısı sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin
təmirdən sonra açılışında iştirak edərək müəllim və tələbə heyəti ilə görüşdü. Müzəffər Ali Baş
Komandanın görüşdəki çıxışı keçilən yolun və hədəflərin təqdimatı olmaqla yanaşı,
Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajlarla zəngin oldu.

Azərbaycan tarixindən geniş bəhs edən cənab İlham Əliyev gənclərə, Qarabağ Universitetinin
tələbələrinə belə bir çağırışı etdi ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları
burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər. Bura bizim tarixi
torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bunu bilirlər
ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın
kəndi. Sadəcə olaraq, Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun
illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi. Çünki XIX əsrin
əvvəlində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki
olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ
torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya
köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir.  Ermənistan və erməni alimləri hər zaman
olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi
şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.
“Mən Azərbaycan tarixi haqqında çox danışa bilərəm” söyləyən cənab İlham Əliyev böyük
qürur hissi ilə bildirdi ki, bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək,
yataqxanada, o eyvanda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir.
Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz: “Müəllimlərə, tələbələrə uğurlar arzulayıram.
Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər
lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir
yerdə Azərbaycan həmişə zirvələrdə olsun!” Bu gün harada yaşamasından asılı olmayaraq
hər bir azərbaycanlı sevinclidir, qürurludur. İşğaldan azad edilmiş torpaqlarımız dirçəlir,
soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Azərbaycan bundan sonra da müzəffər xalq
və qalib dövlət kimi əbədi yaşayacaq.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru


08:35 26.09.2024