KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının və qüdrətinin növbəti nümayişi – Antiterror tədbirləri

Sentyabr  ayıının xalqımızın həyatında özəl bir dəyəri var. Çünki həm 2020-ci ilin
sentyabrın 27-də İkinci Qarabağ müşaribəsi başlayaraq 44 gündə ordumuzun qələbəsi ilə başa
çatdı. Həm də 2023-cü ilin sentyabrın 19-da birgünlük antiterror tədbirləri ilə Qarabağdakı
separatizmə son qoyuldu və xunta əbədilik ləğv edildi.
İkinci Qarabağ müharibəsi  Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatandan sonra
Ermənistan kapitulyasiya sənədinə imza atdı. Belə ki,  Azərbaycanın, Rusiyanın
prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdı. İşğalçı Ermənistan həmin Bəyanatla
üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçını
döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü
hərbi-siyasi yolla bərpa etməyə nail oldu.
Ancaq üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində nəinki öz silahlı
qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı, əksinə bura əlavə
canlı qüvvə və hərbi texnika yerləşdirdi. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı haqlı
narahatlığını ifadə edərək dəfələrlə  rəsmi İrəvana, onların xaricdəki havadarlarına və digər
tərəflərə  mesaj verərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində
qalması qanunsuzdur və buna son qoyulmalıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata
zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri
üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının
qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 2023-cü ilin 22 aprel tarixində birtərəfli
qaydada Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış
məntəqəsinin qurulmasına cavab olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri
tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi
yolunun başlanğıcında «Laçın» nəzarət-buraxılış məntəqəsi yaratdı.
Kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq
Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah
edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin
aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya
prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün
3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində
erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər.
Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir,
özlərinin oyuncaq «prezident»lərini seçir, qondarma «parlament»ləri adından Azərbaycan
dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Beləliklə, artıq zamanın tələbi idi ki, ordumuz qəti adımlar atmaqla bu separtizmə
birdəfəlik son qoysun. Belə də oldu. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ
bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları
törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil
yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki
şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.
Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə
tutuldu. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı
qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki
mülki əməkdaş həlak oldu. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın
müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Qeyd etməliyik ki, antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq,
şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük
mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin
təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimizin qəhrəmanlığı,
peşəkarlığı  nəticəsində qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə
hərbi uğurlar əldə edildi. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi
tapşırıq verilmişdi ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan
erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.
Bir sözlə, 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı və qondarma rejiminin
«rəhbəri» Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24
saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində
qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi.
Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və
Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı,
Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpası ilə nəticələndi.
Nurağa Rüstəmov,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
böyük məsləhətçisi, Vətən Müharibəsi veteranı


09:14 20.09.2024