KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan öz Konstitusiya quruluşunu bərpa etdi

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Azərbaycanın Qarabağ iqtisadi
rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Ermənistan silahlı
qüvvələrinin birləşmələri tərəfindən mütəmadi şəkildə təxribatların və terror aktlarının
törədilməsi cavab tədbirlərinin görülməsini zərurətə çevirdi. Azərbaycan Qarabağda lokal
xarakterli antiterror tədbirlərinə start verməklə öz suveren ərazilərində separatizmin və “boz
zona”nın mövcudluğuna imkan verməyəcəyini, qanunların aliliyini təmin etmək üçün sarsılmaz
iradəyə, qətiyyətə və hərbi gücə malik olduğunu bir daha hər kəsə nümayiş etdirir. 2023-cü ilin
sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin məqsədi bölgədə
Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etməkdir.
Məlum olduğu kimi, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri son bir
neçə ayda ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaqla,
ərazilərimizin minalanmasını davam etdirməklə məqsədli şəkildə bölgədə vəziyyəti
gərginləşdirməkdə idi. Düşmən döyüş mövqelərini şəxsi heyət, zirehli texnika, artilleriya
qurğuları və digər atəş vasitələri ilə gücləndirməyə cəhd edirdi. Azərbaycan Silahlı Qüvvələri
tərəfindən təsbit edilmişdi ki, ermənilər hərbi birləşmələrinin yüksək döyüşə hazırolma
səviyyəsinə gətirilməsi, ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin
genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və
mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi mənfur əməlləri
həyata keçirməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və
planlı terror siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da düşmənin kəşfiyyat-diversiya
qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması iki mülki şəxsin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının yeddi hərbi qulluqçusunun həlak olması ilə nəticələndi. Son terror aktları artıq
Azərbaycanın qəti və təsirli tədbirlər görməsini qaçılmaz etdi.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini zərurətə çevirən səbəblər kifayət qədər
çoxdur. Belə ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti nəticəsində
Qarabağın ermənilər yaşayan ərazisi cinayətkar hərbi dəstələrin azğınlaşdığı, narkoticarətin və
narkotiklərin tranzitinin, silah alverinin və digər qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün
nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”ya
çevrilmişdi.
Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin mövcudluğu orada yaşayan erməni əhali
üçün də ciddi təhlükə yaradırdı. Belə ki, separatçıların fəaliyyətləri dövründə Azərbaycanın
işğal altında olan ərazilərində milli-mədəni və təbii sərvətlərimizin talanması nəticəsində bir
qrup siyasətçi, oliqarx daha da varlanıb, ancaq yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə
heç bir iş görülməyib. Əksinə, mülki ermənilər aclığa, səfalətə sürükləniblər, qondarma rejimin
təzyiqi və qorxusu altında yaşamağa məhkum ediliblər.
Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan
Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli
ilə bağlı çoxsaylı təkliflər irəli sürüb. Lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu
təkliflərin reallaşmasına imkan verməyiblər. Onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə,
kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı
bütün səyləri heçə endirməyə çalışıblar. Bu baxımdan lokal xarakterli antiterror tədbirlərinin
həyata keçirilməsi Qarabağdakı erməni azlığın humanitar problemlərinin həlli, onların
separatçıların əsarətindən qurtarılması baxımından da zəruridir.
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər yalnız
Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun
məhvinə, Ermənistan hərbçilərinin tərksilah edilməsinə və neytrallaşdırılmasına yönəlib.
Düşmənin və bəzi ermənipərəst dairələrin iddialarının əksinə olaraq Silahlı Qüvvələrimiz
ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi,
onların həyatının qorunması üçün bütün lazımi tədbirləri görür. Bu tədbirlər çərçivəsində yalnız

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və
uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək
dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Eyni zamanda, Qarabağdakı mülki ermənilərə
qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, evlərindən çıxmamaq, hərbi
obyektlərin yaxınlığında olmamaq barədə xəbərdarlıqlar edilib, onların telefonlarına məlumat
xarakterli mesajlar göndərilib, səsgücləndirilər vasitəsilə Azərbaycan, rus, erməni dillərində
anonslar edilib. İnsanların humanitar problemlərinin həlli üçün də zəruri işlər həyata keçirilir.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini keçirməklə Azərbaycan bölgədə
Konstitusiya quruluşunu bərpa edir. Bu, bizim hüququmuzdur. Daha bundan sonra Qarabağda
“boz zona” mövcud olmayacaq, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə
reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun
inkişafı ilə bağlı bütün tədbirlər həyata keçiriləcək.
Natiq Xanməmmədli,
Sabirabad RİH başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən Müharibəsi
iştirakçısı


08:14 20.09.2024