KANAL24.AZ
Az Iw En Ru

Qarabağda antiterror tədbirlərinin aparılması vacib və labüd idi

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10
noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində
nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq
işlərinə başladı və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına
qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir
və bu işlər günü-gündən daha geniş vüsət alır.
Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ
bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və
onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.
Öz mənfur əməllərindən əl çəkməyən Ermənilər Qarabağ ərazisində müxtəlif
provokasiyalara əl atır, mütəmadi olaraq Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı
silahlardan sistemli şəkildə atəşə tutur, ərazilərimizin minalanmasını davam etdirir, döyüş
mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının
artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfndən
Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi,
mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların
terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Həmçinin
düşmən tərəfindn döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər
atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi,
səfərbərlik üzrə əlavə bölmələrin yaradılması müşahidə olunurdu.
Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin
davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və
mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-
diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız
həlak olub və yaralanıb.
Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-
quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və
dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi
təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə məhv edilir. Bununla yanaşı ordumuz
tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər
sıradan çıxarılır.
Döyüş əməliyyatlarının aparıldığı ərazidə ordumuz humanizm nümayiş etdirərək bu
ərazilərdə yaşayan erməni əhalisinə dəfələrlə müraciət edərək onların təhlükəsizliyinin təminatı
üçün əlavə tədbirlər həyata keçirir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərini
müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
nümayəndələrini dialoqa dəvət etsə də onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ
bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu
bəyan edib. Bildirilib ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı
dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü
buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir.
Ona görə də ermənilər hazırki vəziyyəti düzgün dərk etməli, Azərbaycan tərəfinin
tələblərini qəbul etməlidirlər. Əks halda antiterror tədbirləri davam etdiriləcək və silahlı
müqavimətə cəhd edən düşmən qəhrəman Azərbatcan əsgəri tərəfindən məhv ediləcəkdir.
Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı


15:12 19.09.2024