KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur

Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa
və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda
“Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib.
Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura
malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən
amillər çoxdur. Ən başlıca amil Azərbaycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır.
Qətiyyətlə demək olar ki, ölkəmizin uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki
prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində
mühüm halqadır.
Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxımından
nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərəcə müstəsna
dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri
həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə
əlamətdar oldu.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri mühüm önəm daşıyır. Azərbaycan
Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu
səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafının,
qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi
məmnunluq doğurduğu diqqətə çatdırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox
səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbaycan ikitərəfli
münasibətlərinin gündəliyində olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb,
iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi bildirilib. Eyni zamanda,
ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində
əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə
ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə
İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd
olunub.
Bu gün Azərbaycanın İtaliya ilə əməkdaşlığı qarşılıqlı etimad və maraqlar əsasında
inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin
necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Belə bir əməkdaşlığın təməlində isə
təbii ki, Azərbaycanın dünya siyasətində tutduğu mövqe, eləcə də ölkəmizin qlobal siyasətdə
aktora çevrilməsi amili həlledici rol oynayır.
Azərbaycan rəhbərinin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli
münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı.
Dövlətimizin başçısı Beynəlxalq Çernobbio Forumundakı çıxışında dİtaliya ilə münasibətlərin
ümumavropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji
tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib.
Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu,
2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə
Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş
olduğumuzu nümayiş etdirir”.
Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə enerji
sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib.
Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji
təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir
mübadiləsi aparılıb. Dost ölkənin “Eni S.P.A” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti
arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi yüksək dəyərləndirilib və bu
qurumların üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə fikirlər səsləndirilib.
İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına
çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri

ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil
kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib.
Dövlətimizin başçısı İtaliyaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Çernobbio
Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışında CQD-nin
fəaliyyətini yüksək qiymətləndirərək bu qaz dəhlizinin hazırda 10 ölkənin enerji təhlükəsizliyini
gerçəkləşdirdiyini bildirib. Ölkəmizin rəhbəri daha sonra Azərbaycandan İtaliyaya uzanan
3500 kilometrlik CQD-nin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayaraq
deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür.
Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı
tərəfdaşı adlandırır”.
Qeyd edək ki, CQD Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək
Azərbaycan qazını İtaliyanın Brindisi sənaye limanındakı son təyinat nöqtəsinə çatdırır. CQD-
nin son hissəsi – TAP Azərbaycandan ilk dəfə olaraq təbii qazı İtaliyaya daşıyır.
Hazırda elektrik enerjisi sahəsində də İtaliya şirkətləri əsas tərəfdaşlarımızdır. Məsələn,
məşhur “Ansaldo” şirkəti hazırda Mingəçevirdə tikilən 1300 meqavata yaxın gücü olan elektrik
stansiyası üçün turbinlərin təchizatçısıdır. İtaliyanın digər şirkətləri, məsələn, “Maire
Tecnimont” böyük sənaye sahəsinin podratçısı idi. Həmçinin Azərbaycanın neft emalı
zavodunun təmirində ölkəmizə kömək edir. Beləliklə, bu, həqiqətən çox möhkəm və ildən-ilə
böyüyən çoxşaxəli təməldir.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi


10:39 11.09.2024