KANAL24.AZ
Az Iw En Ru

İtaliya-Azərbaycan münasibətləri hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir

İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli
mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq
səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi,
iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı
olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir.
Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair
faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər
Şurasının Sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından
məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafı vurğulanıb. Eyni
zamanda, tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də ölkələrimizin bu sahədə
əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək.
Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr
olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı
sessiyada çıxış etməsini də vurğulayıb. “The European House – Ambrosetti” beyin mərkəzi
tərəfindən təşkil olunan və sayca  50-ci olan beynəlxalq Çernobbio Forumunda Prezident
İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun,
etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda,
Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda
böyük nüfuzunun göstəricisidir. 1965-ci ildən fəaliyyət göstərən “The European House –
Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab
olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq
şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada
birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və
Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif
tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni
zamanda, əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni
zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət
təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan
liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə
Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Dövlətimizin başçısı Forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub, o
cümlədən, ölkəmizin İtaliya ilə əlaqələrindən, enerji təhlükəsizliyindən ətraflı bəhs edib. Cənab
Prezident çıxışında  həmçinin, Cənubi Qafqazda sülhə nail olmağın mümkünlüyünü də
vurğulayıb. Sülh müqaviləsinin mətninin təxminən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan
dövlətimizin başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta
demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə
demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün
istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli
sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.
“Ümumiyyətlə, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-
ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət
tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir.
Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə ikinci yeri tutur. Cənub
Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji
əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib
məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral
ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi,

suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha
təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə
dəstək nümayiş etdirdi. Hazırda İtaliya şirkətləri azad olunmuş ərazilərimizin bərpasında
iştirak edirlər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn
xətlə inkişaf etdiyinin göstəricisidir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması
şöbəsinin aparıcı məsləhətçisi


09:38 11.09.2024