Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkədə bir sıra
əhəmiyyətli görüşlər keçirib. Son dörd ildə İtaliyaya üç dəfə səfər etdiyini deyən dövlətimizin
başçısı münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını, dövlətlərarası əlaqələrin
özündə çoxşaxəli əməkdaşlığı ehtiva etdiyini vurğulayıb, İtaliyanın Avropada Azərbaycanın
əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Bu xüsusda, ölkələrimiz arasında enerji sahəsində
əməkdaşlığın vacibliyi, o cümlədən TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu gün TAP
layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm
rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu
qeyd olunub.
Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə
edilməkdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub.
Ölkələr arasında ticarət dövriyyəsi son 4 ildə 3.4 dəfə artıb. Azərbaycan və İtaliya arasında ən
böyük ticarət dövriyyəsi isə 2022-ci ildə (18.122 milyard dollar) qeydə alınıb. Bu kəskin artım
Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi
qazın qiymətinin kəskin artması ilə bağlıdır.
2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu
İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya
vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət
dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində
Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa
təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur,
ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın
əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir. Bu da təbii ki, ölkələr arasındakı iqtisadi
münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.
Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli
təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi
adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji
təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa
İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz
təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
İkitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Bu dost dövlətlər hazırda humanitar
məsələlər üzərində fəal şəkildə işləyir. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb
və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı
universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların
Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, gələcək əməkdaşlıq
üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil
alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis
danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından
tanıyacaqlar.
Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı münasibətlərin daha da
inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər
əhəmiyyətlidir. Azərbaycan Prezidentinin İtaliyaya səfərindən sonra ölkələr arasında qeyri-neft
sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya
investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan
ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. Bu baxımdan cənab İlham Əliyevin
İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi