KANAL24.AZ
Az Iw En Ru

Bu gün Azərbaycan Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyində mühüm rol oynayır

Dünyada cərəyan edən geosiyasi proseslər və geoiqtisadi rəqabət elə təhlükəli həddə
çatıb ki, nüfuzlu beyin mərkəzlərinin praqmatik təklif və tövsiyyələri nəzərə alınmadan qlobal
təhlükənin dəf oluna biləcəyi az inandırıcı görünür. Peşəkar dəyərləndirmələrə görə İtaliyada
birinci yerdə, Avropada isə ilk onluqda qərarlaşan nüfuzlu beyin mərkəzlərindən biri də “The
European House – Ambrosetti” Mərkəzidir. 1965-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas
platforması isə Çernobbio Forumudur. Bu platformada aparılan müzakirələr zamanı səslənən
fikirlər, irəli sürülən təklif və tövsiyyələr dünya siyasətinə təsirsiz ötüşmür və aparıcı aktorların
diqqətindən yayınmır. Prezident İlham Əliyevin sayca 50-ci olan builki Beynəlxalq Foruma
əsas qonaq qismində dəvət edilməsi və Forum çərçivəsində “Yeni geosiyasi şəraitdə
Azərbaycanın rolu” mövzusunda xüsusi sessiyanın keçirilməsi, heç şübhəsiz ki, ölkəmizin
beynəlxalq münasibətlərin müstəqil subyekti kimi qazandığı nüfuza və etibarlı tərəfdaş
statusuna hörmətin ifadəsidir. Bu həm də onun göstəricisidir ki, Azərbaycan artıq dünyanın
nüfuzlu beyin mərkəzləri tərəfindən regionun aparıcı aktoru kimi tanınır.
Prezident İlham Əliyev çıxışının giriş hissəsində xüsusi olaraq qeyd etdi ki, İtaliya
Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və iki ölkə arasında ticarət dövriyyəsinin 16
milyard dollar səviyyəsinə yüksəlməsi bunun əyani sübutudur. Dövlətimizin başçısı Forum
iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən
böyük qaz təchizatçısıdır. Prezident İlham Əliyev məhz bu məqamları vurğulamaqla Forum
iştirakçılarına və qlobal siyasəti formalaşdıran aparıcı aktorlara olduqca mühüm olan bu
mesajı verdi: “Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət,
qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq.
Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə
qurulmalı olduğunun nümunəsidir”.
Dövlətimizin başçısı xüsusi olaraq bunu da vurğuladı ki, ərazi bütövlüyünü və
suverenliyini bərpa etmiş Azərbaycan artıq yalnız Qafqazda deyil, daha geniş coğrafiyaya
təsir edən böyük geosiyasi dəyişikliyin müəllifinə çevrilib. Forum iştirakçılarının diqqətinə bir
daha çatdırıldı ki, BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məlum dörd qətnaməsinin 27 il
ərzində kağız üzərində qalmasına və Minsk qrupunun 28 illik səmərəsiz fəaliyyətinə
baxmayaraq, Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ özü təmin etməli oldu. Prezident
İlham Əliyevin beynəlxalq auditoriyaya verdiyi mühüm mesajlardan biri də məhz bununla bağlı
idi: “Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər
ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”.
Azərbaycan Prezidentinin verdiyi mühüm mesajlardan biri də təhlükəsiz dünya
nizamını təhdid edən ikili standartlar siyasəti ilə bağlı oldu. Dövlətimizin başçısı Azərbaycan
cəmiyyətininin haqlı etirazına və hiddətinə səbəb olan bir məqamı da Forum iştirakçılarının
diqqətinə çatdırdı. Prezident bildirdi ki, Vətən müharibəsindən, xüsusilə ötən ilin antiterror
tədbirindən sonra bəzi ölkə və təşkilatların Azərbaycanı qərəzli şəkildə hədəfə almasının, o
cümlədən Avropa Şurası Parlament Assambleyasının ölkəmizin nümayəndə heyətini
səsvermə hüququndan məhrum etməsinin yalnız bir səbəbi var və bu, suverenliyimizi bərpa
etdiyimizə görədir. Dövlət başçısı Çernobbio Forumu kimi mötəbər platformanın yaratdığı
imkandan istifadə edərək, aparıcı aktorların və nüfuzlu beyin mərkəzlərinin diqqətinə bir daha
çatdırdı ki, fərqli coğrafiyalarda baş verən eyni mahiyyətli münaqişə və məsələlərə fərqli
prizmalardan yanaşılması, siyasi riyakarlığa yol verilməsi qəbuledilməzdir. Heç şübhəsiz ki,
Prezident İlham Əliyevin bu mesajı beynəlxalq medianın da diqqətindən yayınmayacaq: “Ötən
ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın
etməyə çalışdığından fərqli heç bir şey etməmişik”.
“The European House – Ambrosetti” kimi nüfuzlu beyin Mərkəzinin təşkil etdiyi
Çernobbio Forumunda Azərbaycan Prezidentinin iştirakı həm də ona görə olduqca
əhəmiyyətlidir ki, bu tədbirdən iki ay sonra ölkəmiz COP29 kimi beynəlxalq səviyyəli mötəbər
platformaya ev sahibliyi edəcək. 200-ə yaxın ölkənin yekdil qərarı ilə həmin tədbirin
Azərbaycana etibar edilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın təzahürüdür. Prezident
İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkənin dövlət rəhbəri kimi qarşıya qoyduğu

hədəfləri də beynəlxalq auditoriyanın diqqətinə çatdırdı: “Biz qlobal arenada müxtəlif aktorlar
arasında körpülərin qurulması üzərində fəal çalışırıq… Yəni beynəlxalq arenada qlobal aktor
olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması
mümkündür”.
Hazırda 7-si Avropa İttifaqının üzvü olmaqla 10 ölkənin enerji təhlükəsizliyində mühüm
rol oynayan Azərbaycanın dövlət başçısının verdiyi bu bəyanat ölkəmizin ayrı-seçkilik
etmədən sıx əməkdaşlığa, qlobal inteqrasiyaya, əmin-amanlığa və təhlükəsiz dünya nizamına
töhfə vermək əzmindən xəbər verir. Bununla yanaşı, o da sirr deyil ki, bu gün Azərbaycan və
Ermənistan arasında sözdə sülhə çağırış edən ölkə və təşkilatlardan bəzilərinin əsl məqsədi
özlərinin geosiyasi və geoiqtisadi maraqlarını Cənubi Qafqazda təmin etməklə bağlıdır. Öz
oyununda Ermənistanı alətə çevirən Fransa kimi ölkələr isə nəinki sülhə xidmət etmir, əksinə,
Ermənistanı davamlı şəkildə hücum silahları ilə silahladırmaqla Cənubi Qafqazda yeni
münaqişə ocağı yaratmağa çalışır. Ayrı-ayrı beynəlxalq təşkilatların həmin dövlətlərin təsiri
altında Azərbaycana qarşı uydurma iddialarla çıxış etməsi və ölkəmizi qərəzli şəkildə hədəf
seçməsi elə bu cür siyasi riyakarlıqdan qaynaqlanır. Prezident İlham Əliyev Çernobbio
Forumunun nüfuzlu tribunasından belələrinə də ölkəmizin mövqeyini kifayət qədər açıq
mətnlə çatdırdı: “Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair
Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi
Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır”.
Prezident İlham Əliyevin Çernobbio Forumunda verdiyi mesajlar isə olduqca mürəkkəb
geosiyasi şəraitdə Azərbaycanın regionun aparıcı aktoru kimi tutduğu konstruktiv mövqe ilə
bağlı beynəlxalq auditoriyada daha dolğun və obyektiv qənaətin formalaşmasına təkan
verəcək.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi


18:37 10.09.2024