Azərbaycanın İtaliya ilə dərin əlaqələri var. Müstəqilliyin ilk illərindən ölkəmizin İtaliya
ilə xoş və yaxşı münasibətləri olub. Bütün bu əlaqələrin yaxşılığı mövqeyimizin beynəlxalq
platformalarda daim İtaliya tərəfindən dəstəklənməyi ilə nəticələnib.
Bu gün də əlaqələr TAP və Cənub Qaz Dəhlizi kimi önəmli layihələrdə özünü büruzə
verir. İtaliya bizim təkcə ənənvi enerji resurslarımızla deyil, həmçinin alternativ enerji
bazarlarında oynayacağımız rolla maraqlanır. İtaliya şirkətləri Qarabağın yenidən
qurulmasında ciddi şəkildə iştirak edirlər. Azərbaycan-İtaliya əlaqələri Qərbə böyük imkanlar
yaradır.
Prezident İlham Əliyevin İtaliyaya artıq 3-cü dəfədir səfər edib. Bu səfər əvvəlki səfərlər
kimi Azərbaycan-İtaliya münasibətləri kontekstində mühüm məsələlərdən biridir. Azərbaycan
bütün dünya ölkələri, qütblərlə hərtərəfli əlaqələri inkişaf etdirir. Dövlət başçısının bu
səfərindən sonra iki ölkə əlaqələrində yeni bir dövr başlayacaq.
Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli
münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə
üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər
sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir,
respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər.
İtaliya ilə qarşılıqlı faydalı münasibətlər də ölkəmizin xarici siyasət kursunda xüsusi yer
tutur. Möhkəm dostluq və əməkdaşlıq ənənələri Azərbaycan ilə İtaliya münasibətlərini
təcəssüm etdirir. Bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin
maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri
münasibətlərin inkişafına böyük təkan verir.
Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya
Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib.
Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri ikitərəfli enerji
əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP
kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da
Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa
İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının
tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya
çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.
İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü
ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən
idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici
ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub.
İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu
ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil
edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət
dövriyyəsindəki payı 30,65 faiz (1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə
44,86 faiz (1-ci yer) təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ
dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ
dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 5,6 milyon ABŞ dolları olub.
Sentyabrın 4-6-da Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində
keçirdiyi görüşlərdə, həmçinin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr
olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı
sessiyadakı çıxışında qeyd edib: «Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki,
ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır» söyləyən cənab İlham Əliyev
bildirdi ki, Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10
ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu
ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı
Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır. O da xüsusi qeyd edildi ki, İtaliya
Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ticarət dövriyyəmiz 16 milyard
dollara bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru
üzrə deyil, digər sektorlar üzrə də mövcuddur: «Azərbaycan İtaliyanın bir nömrəli neft və iki
nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir.»
Bütün bu qeyd etdiklərimiz belə bir qənaətə gəlməyə əsas verir ki, enerjiyə daxili
tələbatını tam ödəyən Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi
diqqətdədir. Azərbaycan- Avropa İttifaqı əməkdaşlığının daha da möhkəmlənməsində enerji
amili mühüm rol oynayır.
Müşfiq Qəhrəmanov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi