Ümummilli lider Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri seçilib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin
edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər
Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah
halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə
tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən
Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik
təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye
məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə
Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər
sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da
xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri
bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali
Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə
əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist”
sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca
yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni
zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri
Naxçıvan MR ərazisindən çıxarıldı.
Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi
əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini
qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi
kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın
yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa zamanda
Özünün ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi
və inkişafı təmin etdi. Ən əsası, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi. Xüsusilə də, 1994-cü il
mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami
ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi
baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə
əmin-amanlıq yarandı, sabitlik bərqərar olundu, azad bazar iqtisadiyyatına keçidlə bağlı
özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı.
“Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır”. Görkəmli dövlət xadimi Heydər
Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən
mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi təqdirəlayiqdir. Məhz Ulu Öndərin 1990-cı il
iyulun 22-də Naxçıvan Muxtar Respublikasına gəlməsi və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə
son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Bu tarixdən ötən 23 il
ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi
xəttinin təntənəsidir. Xalqımız bütün varlığı ilə inanır ki, ölkədə davam etdirilən bu siyasi xətt – Heydər
Əliyev yolu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlərə
qovuşduracaqdır.
Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilməsi,
təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından
tarixi hadisədir.
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi