Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan
minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bununla da Ulu Öndər dövlətimizin inkişafı
və qorunması üçün geniş siyasi fəaliyyət imkanları qazandı.
Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra
ölkəmizdə milli dirçəliş prosesi sürətlənmiş, həmin gündən başlayaraq elmi əsaslara
söykənən dövlət quruculuğu prosesinə start verilmişdir. Bu mənada, 3 sentyabr həm də siyasi
və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin
təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutmuşdur. Bu tarix xalqımızın böyük oğlunun
xilaskarlıq missiyasının başlanğıcıdır. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri kimi fəaliyyətə başlayaraq qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük
işlər gördü. Ağır blokada şəraitində yaşayan Naxçıvana məhz Ulu Öndər həyat verdi.
Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı,
sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər
Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin,
tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu.
Dahi şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini
özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik
ənənələrinə əsaslanaraq atmışdır. Bu da təsadüfi deyildi. Çünki Ulu Öndər uzun illər
Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş, dünyanın iki nəhəng dövlətindən biri
kimi tanınan Sovet İttifaqının aparıcı dövlət xadimlərindən biri olmuş, bütün bunlarla yanaşı
Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olmuş, milli ideologiyanın əsasını
qoymuş, milli maraqlarımızın məğlubedilməz müdafiəçisinə çevrilmişdir.
Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri
nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət
yaranmışdı. Hadisələr kulminasiya nöqtəsinə çatmış, silahlı qarşıdurmalar fonunda hakimiyyət
böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Azərbaycan öz dövlət müstəqilliyini
bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını
görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab
verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə
siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox
olmaqdan xilas etdi. Ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı
oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan
qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı
olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ümummilli
Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan
qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan
Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa
olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.
Bir sözlə, Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni
səhifə açaraq müstəqil respublikamızın işıqlı gələcəyini təmin etmişdir.
Oqtay Babayev,
Sabirabad RİH başçısının Güdəcühür kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi