KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyevin böyük siyasətə qayıdış dövrü

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən
fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə
xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli
liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli
qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub.
Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi  nə qədər  mürəkkəb bir dövrə 
təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır:  “Prezident 
İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda,
Azərbaycan üçün  tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Naxçıvanın adı dəyişdirildi.
Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı.
Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət
bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki,
Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet
İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir.
Bütün bu addımlar  sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz düşmən
təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə
qabiliyyətini gücləndirib. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası
Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Bu qərar Naxçıvanın
müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi.
Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına
məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunub.
Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində
muxtar respublikada Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib, bugünkü
qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulub. Qeyd etmək lazımdır ki, ilk milli
hərbi parad da 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilib.
Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası
istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər digər tərəfdən Azərbaycanı müstəqil,
xalqımızı firavan görmək istəyirdi. Ümummilli liderimiz Heydər Əliyevin Ali Məclisin Sədri
olarkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda
birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam
ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna
çıxarmaq mümkün deyildi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya
Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu
mənada, xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizin ictimai-siyasi həyatı, gələcəyi üçün daha mühüm bir hadisə 1992-ci il
noyabrın 21-də yenə də Naxçıvanda baş verib: müstəqil Azərbaycanın ən qüdrətli partiyası
olan Yeni Azərbaycan Partiyası yaradılıb. Azərbaycanın gələcəyinin təhlükə qarşısında
qaldığı, dövlətimizin taleyinin həll olunduğu bir dövrdə yaranan Yeni Azərbaycan Partiyası
milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını
qoyub. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ən önəmlisi isə Ulu Öndər
Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci
əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti nəinki
muxtar respublikada, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan
inamı artırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğluna
teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz Onun müdrik və uzaqgörən
siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Beləliklə, Ümummilli Liderin
Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki,
ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqların itirilməsi təhlükəsindən xilas
etməyin yeganə yolu dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır.
Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi möhtərəm Heydər Əliyevə

üz tutdu. Ulu Öndər 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıtmaqla
Azərbaycanı parçalanmaqdan xilas etdi.
Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti  nəticəsində 1991-ci il sentyabrın 3-
dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla  davam etdirildi. 1993-2003-cü illər
Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr
Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi
yazdı. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


14:00 02.09.2024