Azərbaycanın haqq səsini dünyaya yayan mərkəz
Görkəmli alman şair, dramaturq və teatr rejissoru Bertold Brext “Həqiqəti yazmağın beş çətinliyi” adlı məqaləsində yazırdı:
“Dövrümüzdə yalan və cəhalətə qarşı mübarizə aparmağı, həqiqəti yazmağı qət etmiş hər kəs ən azı beş çətinliyin öhdəsindən gəlməlidir. Hər yerdə boğulan həqiqəti qələmə almaq üçün ilk növbədə cəsarət; hər yerdə üstü basdırılmış həqiqəti üzə çıxarmaq üçün ağıl; həqiqəti silaha çevirə bilmək üçün bacarıq; bu silahı tətbiq edə biləcək adamları düzgün seçmək qabiliyyəti; və nəhayət, həqiqəti insanlar arasında yaymağa ustalıq tələb olunur”. Bu fikirlərə dünyada ən təhlükəli peşələrdən sayılan jurnalistika mənsublarının fəaiyyətinə baxış prizmasından nəzər saldıqda alman ədibin nə dərəcədə haqlı olduğu aşkara çıxır. Məsələyə beynəlxalq ictimai rəyin bəşəriyyətin həyatında malik olduğu çəki bucağından yanaşdıqda isə həqiqəti söyləməyin bəlkə də insanlıq qarşısında ən müqəddəs missiyalardan biri olması fikri ilə razılaşmamaq mümkün deyil. Belə ki 33 üç il əvvəl müstəqilliyini dünyaya elan edən gənc Azərbaycan dövlətinin o vaxt ən təhlükəli və amansız düşməni öz bədniyyətli yalanları ilə beynəlxalq ictimai rəyi ölkəmiz əleyhinə formalaşdıran qərəzli media idi. Amma zaman keçdikcə ümummilli lider Heydər Əliyevin bu istiqamətdə uğurlu siyasəti, eləcə də ulu öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin xüsusilə də zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindəki misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Bununla belə, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin səsləndirilməsi kimi xalqımız və dövlətimiz üçün ümdə əhəmiyyət kəsb edən məsələdə eyni qəbildən olan fəaliyyəti ilə bizə dəstək verən ədalət çarçıları elə də çox deyil. Əminliklə demək olar ki, ölkəmizin səsini dünya ictimaiyyətinə çatdıran media mənsubları arasında dost İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzi məxsusi yer tutur. 2018-ci ildə təsis olunan və ilk illər fəaliyyətində insan haqları məsələsinə daha çox yer ayıran beyin mərkəzi (2022-ci ilədək Dona Grasiya Mendez Nasi Orta Şərqdə İnsan Haqları Mərkəzi adı ilə fəaliyyət göstərmişdir) sonradan diplomatiya və beynəlxalq münasibətlər üzrə çalışmağa başlamışdır. Çoxlu sayda yəhudinin Avropadakı inkvizisiyanın təqibindən qurtularaq Osmanlı imperiyasına yerləşməsində əvəzsiz rol oynamış yəhudi qadın filantrop, nüfuzlu ictimai-siyasi xadim Dona Qrasiya Mendez Nasinin adını daşıyan və qısa müddət ərzində İsrail və dünyanın aparıcı media orqanlarında dərc olunanan analitik yazıları ilə geniş oxucu kütləsi qazanan Mərkəzin sözügedən uğurunda onun təsisçisi və baş direktoru, tanınmış jurnalist və politoloq Reyçel Avraham və komandasının böyük rolu olmuşdur. İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və siyasi şərhçi Ayub Kara, habelə İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru doktor Mordexay Kedar kimi simaların sözügedən beyin mərkəzində təmsil olunması onun uğurunu izah edən bir başqa amildir. Qərəzsizlik və həqiqətə sadiqlik prinsiplərindən çıxış etməsi ilə beynəlxalq miqyasda oxucuların etibarını qazanan Dona Qrasiya Diplomatiya Mərkəzinin son illərdəki fəaliyyətində bizlər üçün diqqət çəkən məqam Azərbaycan həqiqətlərinin təhrif olunmadan Avropa, İsrail, ABŞ və Kanadanın media nəhənglərində (Modern Diplomacy, Jerusalem Post, Israel Hayom, Foreign Policy Association, Arutz Sheva, I24, Jewish News Syndicate, Frontpage Magazine, Israel National News, THEJ.CA, Jewish Press və s.) işıq üzü görməsidir. Maraq cəlb edən digər məqam isə Ermənistan daxil olmaqla ölkəmizə qarşı cəbhə açan qüvvələrin fəaliyyətinin Mərkəzin dərc etdiyi materiallarda tutarlı faktlar və güclü məntiqlə ifşa olunmasıdır. Qeyd etmək lazımdır ki, Mərkəzin yazarları vəziyyəti yerində öyrənmək üçün bir neçə dəfə erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinə də səfər ediblər. Ölkəmizlə bağlı yazdıqları həqiqətlərə görə dəfələrlə ermənilər tərəfindən təhdid və təqiblərə məruz qalması ədalətə sadiqliyi fəlaiyyət kredosu seçmiş Mərkəzin tədqiqatçılarının iradəsini qıra bilməyib və Azərbaycan həqiqətləri onların dilindən dünyaya yayılmaqda davam edir. Dünyada və yaxın xaricdə baş verən mürəkkəb siyasi proseslər fonunda Azərbaycanla bağlı beynəlxalq ictimai rəyin həqiqətlər əsasında formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir və xarici media orqanlarının həqiqətə sadiqlik nümayiş etdirməsinin getdikcə problematik məsələyə çevrildiyi müasir zamanda Dona Qrasiya Diplomatiya Mərkəzinin qeyd olunan istiqamətdə fəaliyyətini davam etdirməsi və genişləndirməsi dövlətimizin maraqlarına cavab verir.