KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Özbəkistan münasibətlərində tarixi məqam

Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli münasibətlərini dinamik inkişaf etdirir. Bu baxımdan
ölkəmiz dost və qardaş Özbəkistanla da əlaqələrini ildən-ilə daha da möhkəmləndirir. İki dövlət
arasında diplomatik əlaqələr 1995-ci il oktyabrın 2-də qurulub. Lakin Azərbaycan və özbək xalqları
arasında qədim zamanlardan ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. Ortaq tarixə, dinə və
mədəniyyətə, ortaq köklərə malik olan iki xalq uzun illərdir ki, bu dəyərləri qoruyub saxlayırlar. Buna
misal olaraq dahi özbək mütəfəkkiri Əlişir Nəvainin “Xəmsə”sini dahi Nizami Gəncəvinin “Xəmsə”sindən
ilhamlanaraq yazmasını göstərmək olar. Daşkənddə və Bakıda Nizami Gəncəvinin və Əlişir Nəvainin
abidələri ucaldılıb Dünya şöhrətli astronom Mirzə Uluqbekdən sonra Azərbaycan iki xalq arasında
mövcud olan tarixi qarşılıqlı maraq və hörmətin bariz nümunəsidir. Bakıda İçərişəhərdə yerləşən, 15-ci
əsrə aid Buxara karvansarası Asiyadan gələn tacirlər tərəfindən tikilib. Azərbaycan filosofu, şairi və
görkəmli din xadimi, Qarabağ əsilli, XVI-XVII əsrlərdə yaşamış Yusif ibn Məhəmmədcan Qarabağinin
məzarı Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar əlaqələrimizin keçmişindən xəbər verir
və göstərir ki, hətta o dövrlərdə xalqlarımız arasında ticarət və mədəni əlaqələr mövcud olub.
Sovet dövründə iki qardaş xalq arasında mədəni əlaqələr də xeyli inkişaf edib. Ötən əsrin 30-cu
illərində baş verən kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb.
Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər
sahələrində fəal iştirak edir.
1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfəri zamanı
Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bununla Azəraycanla Özbəkistanın uğurlu
əməkdaşlıq üçün möhkəm fundamental hüquqi baza yaradılıb. Prezident İlham Əliyevin 2004-cü il
martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə
imzalanıb. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistanda rəsmi səfəri zamanı  isə
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında
Müqavilə” imzalanıb. Cənab Prezident Daşkənddə mətbuata verdiyi bəyanatında bu sənədin
imzalanmasını tarixi məqam olaraq qeyd edib: “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin
imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də
münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və
bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki
müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır
və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət
məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi
regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli
əməkdaşlıqdan asılıdır”.
Cənab Prezidentin səfəri Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf
etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq
iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır.
Əhəmiyyətli nəqliyyat arteriyaları üzərində yerləşən Azərbaycan və Özbəkistan nəqliyyat
sektorunda fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizdə bir
sıra mühüm nəqliyyat-logistika infrastrukturları yaradılmış, onların vasitəsilə Azərbaycan beynəlxalq
nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuşdur. Prezident İlham Əliyev səfər çərçivəsində Özbəkistanda
işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı çıxışında deyib ki, biznes strukturları siyasi
konyunkturaya çox həssas reaksiya verir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən
yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə
və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Bu görüş bir daha göstərir ki, hər iki ölkə iqitisadi əlaqələrin inkişafında da maraqlıdır. Qarşılıqlı
investisiyaların yatırılması, iş adamlarının əlaqələrinin genişlənməsi, Azərbaycan-Özbəkistan iqtisadi
münasibətlərinin inkişafına yeni bir təkan verəcək.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


10:54 27.08.2024