Avqustun 22-də baş tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Özbəkistan Respublikasına növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji
tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və
bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb
edəcək.
Səfər zamanı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə
görüşləri olub. Dövlət başçıları Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci
iclasında və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə iştirak ediblər.
Həmin gün Daşkənddə iki döst və qardaş ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-
Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasim zamanı dövlət başçıları
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Müqavilə”ni imzalayıb və “Azərbaycan Respublikasının və Özbəkistan
Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Bu zaman
həm də iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək 11
sənəd imzalanıb.
Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan
(Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri
arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və “Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi” imzalanıb.
Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanat zamanı Prezident İlham Əliyev qeyd
edib ki, “Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi
nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik.”
Qeyd edilib ki, “Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək
olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun
23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və
münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna
çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun
məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini
bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə
bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin
qayıdışı prosesi uğurla davam edir.”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz bəyanatında bildirib ki, Azərbaycan və
Özbəkistan əməkdaşlıq üçün 20 yeni istiqamət müəyyən edib. O, qeyd edib ki, “Bu, müttəfiqlik
münasibətlərimizin dərinləşməsi ilə bağlı yeni təkliflərin hazırlanması və həyata keçirilməsi
üçün səmərəli mexanizmdir”. “Azərbaycanda ilk görüşümüzdə əməkdaşlığımızın 10 istiqaməti
müəyyən olundu. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələrin heç biri kağız
üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik”, – o
vurğulayıb.
Səfər günlərində Daşkənd şəhərində həm də Özbəkistanın İnvestisiya, Sənaye və
Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların
Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi
Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirildi. Forumda qeyd
edildi ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir.
Qeyd edilməlidir ki, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qardaş ölkələr
arasındakı münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk
dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında
və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin
inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk
Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar
çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə
təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Qardaş Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə
qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini
dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində
dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir
ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda
Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəb binasının layihəsi Azərbaycan
hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə
qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı
qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan
sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru