Nə qədər qəribə görünsə də, hətta dünya sivilizasiyasının hazırkı inkişaf mərhələsində
belə, iqtisadi və hərbi güc amili geosiyasi və geoiqtisadi qarşıdurmaların taleyini həll edə
biləcək əsas təsir mexanizmləri kimi qalmaqdadır. Təəssüf ki, geosiyasi rəqabətdə olan
tərəflərin bir-birinə qarşı siyasi və iqtisadi sanksiyalar təcrübəsindən aşırı səviyyədə istifadə
etməsi, onlardan asılı olan bəzi beynəlxalq təşkilatların bu prosesə cəlb olunması artıq adi hala
çevrilib. Gözlə görünən və görünməyən reallıq ondan ibarətdir ki, böyük dövlətlər dünyaya təsir
uğrunda apardıqları qlobal mübarizədə yalnız öz maraqlarını güdür, nəticədə ədalət anlayışı
çox asanlıqla unudulur, iqtisadi və hərbi güc amili isə ön plana çıxır. Bu cür qarşıdurmaların ən
iyrənc tərəfi ondadır ki, bəziləri öz maraq və hədəflərini ört-basdır etmək üçün əksər hallarda
demokratiya, insan haqları, din və vicdan azadlığı kimi dəyərlərdən riyakarcasına sui-istifadə
edir, onların hegemonluğu ilə barımaq istəməyən kiçik dövlətləri qərəzli bəyanat və
qətnamələrlə hədəfə alırlar.
Müasir dünyamızda geosiyasi və geoiqtisadi qarşıdurma elə təhlükəli həddə çatıb ki,
aparıcı aktorlar coğrafi və iqtisadi baxımdan özlərindən kiçik və zəif olan ölkələri məqsədli
şəkildə seçim qarşısında qoyur, onlara baş əyməyən və beynəlxalq münasibətlərin müstəqil
subyekti kimi öz varlığını qorumağa çalışan dövlətləri ikili standartlar siyasəti ilə açıq-aşkar
təhdid edirlər. Bu cür siyasətin ən iyrənc tərəfi ondadır ki, kritik məqamlarda, fors-major
şəraitində əvvəllər bir-biri ilə kəskin qarşıdurmada olan aparıcı dövlətlər dünənki umu-
küsülərini asanlıqla unudur, dini və etnik təəssübkeşlik zəminində həmrəy qüvvəyə çevrilirlər.
Bu gün Ermənistana göstərilən hərbi-siyasi dəstəyin arxasında dayanan əsas amillərdən biri
də elə budur. Prezident İlham Əliyev həm də bu reallıqları nəzərə alaraq, andiçmə
mərasimində Azərbaycan xalqı ilə yanaşı, bütövlükdə Türk dünyasına bu tarixi mesajı
vermişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir
ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq
gizlətmirlər”.
2021-ci il iyunun 15-də, Milli Qurtuluş Günündə qardaş Türkiyə ilə imzalanmış Şuşa
Bəyannaməsindən üç il sonra, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri
çərçivəsində avqustun 23-də Daşkənddə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, həqiqətən, tarixi
əhəmiyyətli sənəddir. Bu sənəd Azərbaycan Prezidentinin andiçmə mərasimində verdiyi həmin
ismarıcın gerçəkləşməsi istiqamətində atılan növbəti uğurlu addımdır. Prezident İlham Əliyev
elə bu səbəbdən Daşkənddə mətbuata bəyanatında xüsusi olaraq bunları qeyd etdi:
“Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək
beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil,
kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua
verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren,
nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək
illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata verdiyi bəyanat da öz növbəsində
nümayiş etdirdi ki, iki ölkənin strateji maraqları tam üst-üstə düşür, tarixi köklərimiz, milli-
mənəvi dəyərlərimiz və ortaq dinimizlə yanaşı, dövlət müstəqilliyimizin qorunması amalı
Azərbaycan və Özbəkistanı bir-birinə daha sıx bağlayır. Prezident Şavkat Mirziyoyevin
səsləndirdiyi bu fikir isə Özbəkistan dövlətinin müttəfiqlik Müqaviləsinə yanaşmasını aydın
şəkildə ifadə etdi: “Zənnimcə, bu il 33 illiyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin
imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik
münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix
iki yaxın xalqın – Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq”.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası
Şurasının birinci iclasının Qərarı ilə yanaşı, elm və təhsil, ekologiya və turizm, humanitar və
mədəniyyət, iqtisadi-ticari və innovasiyalar sahəsində, eləcə də iki ölkənin Xarici İşlər
Nazirlikləri, Ədliyyə və Daxili İşlər orqanları arasında əməkdaşlığa dair müvafiq beynəlxalq
sənədlər imzalandı. Heç şübhəsiz ki, bütün bu sənədlərin təməlində müttəfiqlik Müqaviləsi
dayanır, eyni zamanda, iki ölkə arasında dövlətlərarası münasibətlərin gələcək inkişaf
perspektivlərini indidən müəyyən edir. Dörd il bundan əvvələ qədər kim təsəvvür edə bilərdi ki,
Türk Dövlətləri Təşkilatına üzv olan qardaş Özbəkistanın iştirakı ilə Xankəndidə yeni yüngül
sənaye müəssisəsinin yaradılması barədə qərar veriləcək?! Bir daha müttəfiqlik Müqaviləsinin
strateji əhəmiyyətinə gəldikdə isə, Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama
da kifayət qədər açıq mətnlə aydınlıq gətirdi: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər
regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə
Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin vurğuladığı bu strateji məqam və Özbəkistan
Prezidentinin “əzəli Azərbaycan torpaqlarının qaytarılması” ilə bağlı səmimi təbriki
bədxahlarımızı növbəti dəfə məyus edəcək. Amma yaxşı olardı ki, məyus olmaqdan,
Ermənistana mifik vədlər verib onu boş yerə ümidləndirməkdən və silahlandırmaqdansa,
Azərbaycan – Türkiyə və Azərbaycan – Özbəkistan müttəfiqliyinin, bütövlükdə Türk Dövlətləri
Təşkilatının Asiya – Avropa xalqlarının təhlükəsizliyinə və rifah halının yüksəldilməsinə verə
biləcəyi əvəzolunmaz töhfə imkanları indidən adekvat səviyyədə dəyərləndirilsin. Çünki
təhlükəsiz dünya nizamı, sülh və əmin-amanlıq kimi həyati vacib məsələlər uydurma
fobiyalardan deyil, məhz adekvat dəyərləndirmədən xeyli dərəcədə asılıdır.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi