Prezident İlham Əliyevin 2023-cü il avqustun 26-da Laçın şəhərində “Laçın Şəhəri Günü”
bayram tədbirində iştirakı, Həkəri çayının sahilindən verdiyi mesajlar düşmənlərimizə və onların
havadarlarına bir xəbərdarlıq oldu.
İlk növbədə, 30 illik işğal dövründə daşı daş üstündə qoyulmayan, əksinə ciddi dağıntılara
məruz qalan Laçında cəmi 8 aya şəhər salınması, həmin vaxt üçün 1000-dən çox Laçın sakininin
doğma şəhərinə qayıdışının təmin olunması, il sonunadək isə daha 900 ailənin məskunlaşacağının
bəyan olunması ilə Prezident İlham Əliyev dünyaya rəsmən göstərdi ki, geriyə yol yoxdur.
Laçın şəhəri, Zabux və Sus kəndləri hərbi Qələbəmizə əsaslanan siyasi məcburetmə
formasında düşməndən azad edilib. Qanunsuz məskunlaşmış ermənilər aparılan işlər nəticəsində
avqustun 25-də oradan çıxarılmışdır. Kapitulyasiya aktına müvafiq olaraq Azərbaycanın çevik tədbirləri
nəticəsində vaxtından iki dəfə tez, 2022-ci il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın
şəhərinə qayıtmışıq. Elə o zaman Prezident İlham Əliyev Laçın şəhərinə səfər edərək şəhərin
mərkəzində Azərbaycan Bayrağını qaldıraraq “artıq bu doğma diyarımızda əbədi yaşayacağımızı”
bəyan etdi.
2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın
suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük
Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-
Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə
Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev 2023-cü il avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki
çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası
deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və
bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq
və qoruyacağıq”.
Rusiya sülhməramlılarının himayəsində çoxsaylı alternativ kommunikasiya imkanları olan, eləcə
də Laçın-Xankəndi yolunda yaradılmış şəraitdən sürətlə silahlanmaq və növbəti təcavüz aktına
hazırlaşmaq üçün istifadə edən Ermənistan, özünün havadarlarının hərbi-siyasi dəstəyi ilə bu status-
kvonu dəyişməkdə ümidli idi. Lakin Prezident İlham Əliyev iradə nümayiş etdirib suveren hüququmuz
olan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etməklə həm bu bölgənin özünün, həm də regiondakı son
sözün sahibinin kim olduğunu göstərdi. 2023-cü il avqustun 26-ı “Laçın Şəhəri Günü”ndə Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanının ifadə etdiyi kimi, heç bir çirkin təbliğat bizim iradəmizə təsir
edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Baş verənlər əslində Ermənistanı məhvə doğru aparır.
“Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və
bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə
qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq”.
Həkəri sahilindən verilən bu bəyanat əslində Ermənistan rəhbərliyi üçün bir siqnal olmalıdır. Paşinyan
Fransa timsalında üçüncü ölkələrdən onlara təlqin edilənlərlə regionda İlham Əliyevin yaratdığı reallıq
arasında dərin uçurumu görməli, Bakının iradəsinə heç kimin təsir edə bilməyəcəyini, nəhayət ki,
anlamalıdır. Ən azı Laçın ətrafında son bir ildə müşahidə olunan proseslər İrəvan üçün artıq dərs
olmalıdır.
Prezident İlham Əliyevin Laçın səfərində diqqət çəkən digər məqam dövlət başçısının daha bir
vədini yerinə yetirməsi vurğu oldu: “Prezidentin özünün ifadə etdiyi kimi, O, 50 yaşı tamam olanda
Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində laçınlılara azad Laçında daha gözəl şərait vəd etmişdi.
Etiraf edək ki, işğal altındakı rayonlarımız arasında azad edilməsi ən müşkül bölgə Laçın idi. Təbii-
coğrafi mürəkkəblikdən əlavə Laçın Ermənistan və havadarları üçün siyasi rıçaq idi və azad olunması
üçün yalnız güclü ordu kifayət etmirdi. Lakin güclü ordusu, kəskin diplomatik zəkası, mübahisəsiz üstün
liderlik qabiliyyəti, ən əsası isə xalqın istisnasız inamı, sevgisi və dəstəyi ilə Prezident İlham Əliyev
bütün vədləri kimi, bu vədinə də sadiq qaldı. Mehriban xanım Əliyevanın dünən sosial media hesabında
Şərqi Zəngəzurdan paylaşımında ifadə etdiyi kimi, “Kəlbəcər və Laçında! Allaha min şükür!”
Möhtərəm Prezident bu dəfə isə elə Laçının özündən vəd verdi. “Xalqımız bundan sonra sülh,
əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır”.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru