Qarabağ vətəninin gözü, həsrətindən otuz il burnumuzun ucu göynəyən zümrüd meşəli,
əzəmətli və əbədi yurdumuz. Laçın bu yurdun bir parçası, əzəmətli qayaların keşik çəkdiyi
təbiət möcüzəsidir.
Laçın tək laçınlıların deyil, bütün azərbaycanlıların dağlar qoynundakı ən qiymətli
xəzinələrindəndir. Uca Tanrım bu torpağa mineral suları, saf havanı, flora və faunanı, yeraltı və
yerüstü sərvətləri bol vermişdir.
1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonun mərkəzi Laçın şəhəridir. 1923-cü
ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Böyük strateji
əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də çox təəssüf ki, iqtisadi cəhətdən böhran
yaşayan dövlətimizə rəhbərlik edən şəxslərin siyasi bacarıqsızlığı səbəbilə bu dilbər guşə
mənfur qonşularımız tərəfindən işğal edildi.
İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb. 300-dən artıq hərbi və
mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə
müəssisəsi, 5 musiqi məktəbi, internat məktəbi və s. işğalçılar tərəfindən talan və məhv edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konversiyaları ilə üzərinə düşən öhdəliklərini
kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii
resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma
siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul
olub.Lakin bunun müvəqqəti olduğuna inanır, torpaqlarımıza əbədi qovuşmaq ümidini itirmirdik
və nəhayət... Gözəl Laçın yaşıl örpəyi üstündən ağ buludlardan tac qoyan Laçın.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci
Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin
yürütdüyü daxili və xarici siyasət və ordumuzun şanlı zəfəri erməniləri kapitulyasiyaya və
əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş
nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də qan tökülmədən Laçın
şəhəri öz azadlığına qovuşdu.Bundan əvvəl noyabrın 9-u Laçın rayonu Güləbird, Səfiyan və
Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.Soyuq payız
günü qəlblərimiz alovlandı,isindi,sözlərlə ifadə oluna bilməyəcək xoşbəxtlik nəsibimiz oldu.
Azad Qabağımızın sevincini bizə bəxş edən canından keçən şəhidlərimizin ruhu şad
olsun. Qazilərimizin canı sağ,ömrü uzun və firavan olsun.
2022-ci ilin avqustun 26-da Laçın şəhəri Zabıx və Sus kəndləri nəzarətə götürüldü.
Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə
qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərinizin inkişafını daim xüsusi diqqətdə saxlayan
Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Bu səfərlər zamanı dövlət
başçısı Güləbid Su Elektrik Stansiyasının açılışını edib. Laçın Beynəlxalq Hava
Limanını,Kəlbəcə-Laçın avtomobil yolu üzərində tikiləcək tunelin, Laçın şəhərində ilk
çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi kompleksinin təmələni qoyub, rayonda
həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı aparılan quruculuq işlərindən
bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra mən demişdim
ki, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax
budur.”
Bəli Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır.Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş fərdi evlərə üstünlük verilib. Bununla
yanaşı çoxmənzilli binaların tikilməsi təklif edilib. Şəhərdə xəstəxana, İşğal və Zəfər Muzeyinin
yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələr, peşə məktəbləri,
mədəniyyət və turizm obyektləri yaradılacaq.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata
keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidenti 2022-ci il
16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramının icrasına başlanılıb. Artıq Zəngilan
rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi
köçkünlərin qayıdışı təmin olunub. Mayıb 28-dən başlayaraq laçınlıların doğma yurda
qayıdışına start verilib. Artıq Laçın şəhəri öz sakinlərinə qucaq açıb.
Yenidən müasir şəkildə qurulan, gözəlləşən Laçın şəhəri cənnətə çevrilir. Beynəlxalq
hava limanı tikilir. Kəlbəcər – Laçın avtomobil yolu, “Həkəriçay” su anbarı, mebel fabriki,
məktəblər, bayraq meydanı inşa olunur. Bütün bunlar Laçında, Qarabağda həyatın
canlanmasıdır.
Dövlət başçısı Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama
əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi “Laçın şəhəri” günü kimi qeyd
olunur. Bu günü laçınlılar 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə
qeyd edirlər.
Hə bir də Beynəlxalq Hava Limanından hər il minlərlə uçuş həyata keçiriləcək. Ən əsası
da bu təyyarələr bütün dünyaya azad Laçının nəğməsini, haqqın səsini daşıyacaq.
Faiq Əhmədov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi