Tarixi Zəfərimizdən sonra Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar
çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişaf edir. Buna əsas verən amillərdən biri
dövlətimizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyidir. Böyüklüyündən, kiçikliyindən asılı
olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında
münasibətləri inkişaf etdirən Azərbaycanın qonşu dövlətlərlə əlaqələrin müxtəlif istiqamətlər
üzrə genişləndirilməsinə göstərdiyi maraq atdığı davamlı addımlardan daha aydın görünür. Bu
gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşuluq münasibətlərinin inkişafının
prioritetliyini daha gaydın görmək mümkündür. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-
də ölkəmizə dövlət səfəri, imzalanan sənədlər, Prezidentlərin məhdud və geniş tərkibdə
keçirdikləri görüşdə, həmçinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər iki dost ölkənin
mümasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Qarşılıqlı səfərlər fonunda bu
əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur.
Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir
Putin ilə mətbuata birgə bayanatında onu da bildirdi ki, Cənubi Qafqazda sabitlik və
təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu
mühüm məqamı xüsusi qeyd edir: “Bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq
edən ölkələrin sayı gündən-günə artır. Əlbəttə, hesab edirəm ki, biz, ilk növbədə,
qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik… Hər bir ölkə üçün onun
qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir… Həm regional təhlükəsizliyin
inkişafı, eyni zamanda, nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli, o cümlədən
qonşularımızla münasibətlərdən asılıdır.”
Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata birgə bəyanatlarında “Azərbaycan və
Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir” söyləyən
dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət
səfəri xüsusi xarakter daşıyır. Bütün sahələrdə müsbət dinamika görürük. Həqiqətən də
müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi
ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər
ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm
addım olacaq.
Qeyd edək ki, Rusiya regionun böyük ölkələrindən biridir, Azərbaycanla tarixən sıx
iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına
daxildir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında
öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi
bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında
qurulub və inkişaf edir. Rusiya Prezidentinin ölkəmizə səfərində bu kimi reallıqlara bir daha
aydınlıq gətirildi. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına gəldikdə, 2023-cü ilin
nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar
səviyyəsinə yüksəlmiş, 2024-cü ildə daha yüksək nəticənin əldə ediləcəyi gözlənilir. Burada
sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artmasını xüsusi
qeyd etməliyik. İqtisadi-ticarət əlaqələrinin yüksəlməsi iki ölkənin mövcud potensialına
əsaslanır.
İki ölkə arasında fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri
arasında mütəmadi görüşlər münasibətlərin çoxvektorluluğunu təyin edir və bütün sahələrdə
qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Qeyd etdiyimiz kimi, Azərbaycan ilə Rusiyanın qədim
və möhkəm dostluq, mehriban qonşuluq ənənələri ilə bağlı olması dövlətlərarası əlaqələrin
genişlənməsi üçün yeni imkanlar yaradır. “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca
istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” iki ölkə arasında siyasi dialoqu, ticari-iqtisadi
inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni,
humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini
özündə əks etdirir. Dövlətimizin başçısı İlham Əliyev qarşılıqlı səfərlər zamanı keçirdiyi
görüşlərdə bu məqamı daim böyük əminliklə ifadə edir ki, “Yol xəritələri”nin reallaşdırılması
əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib
çıxaracaq. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının
idxalına görə birinci yeri tutur. İstər keçirilən görüşlərdə, istərsə də mətbuata birgə
bəyanatlarında Azərbaycanın tolerantlıq təcrübəsi, multikultural dəyərlərin inkişafına verdiyi
töhfələr də müzakirə olunan məsələlər sırasında olub. Müxtəlif mədəniyyətlərin, dinlərin
qovuşağında yerləşən Azərbaycan daim ölkələr, xalqlar arasında dostluq körpüsü kimi
dəyərləndirilir.
44 günlük İkinci Qarabağ münaqişəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin,
Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın
imzalanmasında üçüncü tərəf məhz Rusiyadır. Prezident İlham Əliyevin beynəlxalq arenada
yürütdüyü siyasət, məharətli diplomatiyası, həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər
nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələri həllinə nail oldu, öz ərazi bütövlüyünü
və suverenliyini bərpa etdi.
Tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin
imzalanması istiqamətində aparılan danışıqların təşəbbüskarları sırasında Rusiya var. Rusiya
Prezidenti Vladimir Putin mətbuata bəyanatında onu da qeyd etdi ki, Rusiya gələcəkdə də
Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə
Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum
üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək göstərəcək: “Biz,
həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla
sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına,
humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.”
Münasibətlərimizin dünəninə baxış əsasında bu qənaət səsləndirilir ki, Rusiya-
Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı regional sabitliyin və
təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın
dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.
Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Zülfiyyə Abışova,
Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin direktoru