KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır

Dünyaya inteqrasiya edən Azərbaycan müxtəlif ölkələrlə qarşılıqlı əlaqələrinin daha da
möhkəmləndirilməsi üçün ciddi səy göstərir və bunun nəticəsidir ki, hazırda bir çox böyük
dövlətlə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ölkələrdən biri də Rusiya
Federasiyasıdır.
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə
Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb.
Hazırda ölkəmiz regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır.
Bu gün Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bunu həm
siyasi münasibətlər, həm də iqtisadi əlaqələrin göstəriciləri də birmənalı olaraq təsdiqləyir.
Xüsusi vurğulanmalıdır ki, keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında
münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb.
Şimal qonşumuz Azərbaycanın şanlı Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsini
sonuclandıran 2020-ci il 10 noyabr Bəyanatının imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il
fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında” Bəyannamə dövlətlərarası münasibətləri yeni mərhələyə – müttəfiqlik səviyyəsinə
qaldırıb.
Avqustun 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana dövlət
səfərinə gəlib. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib.
Həmçinin hər iki dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Mərasindən sonra
Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, görüş zamanı   dövlətlərarası
münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qeyd edilib ki, keçən il və bu ilin 6 ayında
əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il iki dövlət
arasında ticarət dövriyyəsi 4 milyard dollar həddini adlayıb.
Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində
tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus
dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin
təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və
İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Görüş zamanı dövlətlərarası münasibətlər üçün mütəsna əhəmiyyətə malik olan
regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə
bağlı məsələləri ətraflı müzakirə edilib. Ölkə başçısı bildirib ki, “Azərbaycanın ərazisində
“Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə
reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini
yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15
milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu,
tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin
digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Qeyd edilib ki, bu il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə
malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində
vəsait nəzərdə tutulub. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys
həyata keçirilir. Vurğulanıb ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb.
Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb.
Rusiya lideri Vladimir Putin isə Moskva və Bakının birgə fəaliyyətinin istiqamətlərinin çox
olduğunu vurğuladı. Onun sözlərinə görə, iqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Azərbaycan
iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil.
Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da
son hədd deyil.
Rusiya Prezidenti Bakının son illərdə daha da inkişaf etdiyini söyləyərək bildirdi ki, Bakı
yüksəlişi ilə bir növ regionun oazisinə çevrilir.

Göründüyü kimi, iki ölkə arasındakı çoxtərəfli əməkdaşlıq inkişaf edərək daha da
dərinləşir. Bu da dostluq münasibətlərinin və müttəfiqliyin ruhuna uyğundur. Əminliklə demək
olar ki, Prezident İlham Əliyevlə Vladimir Putinin siyasi iradəsi, liderlər arasında etimada
əsaslanan dostluq münasibətləri sayəsində əlaqələr durmadan inkişaf edəcək.
Bir sözlə, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri, Prezident İlham
Əliyevlə aparılan danışıqlar, əldə olunan yeni razılaşmalar, imzalanan yeni sənədlər onu
deməyə əsas verir ki, Azərbaycan-Rusiya əlaqələri yeni inkişaf dövrünü yaşayır. Bu səfər isə
münasibətlərin daha da inkişafına müsbət impuls vermiş oldu.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


09:38 22.08.2024