KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə

Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri ölkələrimi arasında
münasibətlərin yeni mərhələsi sayıla bilər. Belə ki, Bakıda aparılan danışıqlar və əldə olunan
razılaşmalar strateji tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək. Liderlər
görş zamanı dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdilər. Dövlət
başçımızın da bəyan etdiyi kimi, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və
müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. Ümumiyyətlə,
dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, dövlətlərarası
münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Prezidentlərin Birgə Bəyanatı daxil olmaqla
Bakıda qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha
təsdiqlədi. Tərəflər 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında
Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsindən məmnundur. Nümayəndə
heyətlərinin tərkibi isə dövlətlərarası strukturların fəaliyyət sferasının genişliyinin əyani
göstəricisidir.
Rusiya da dünyanın və regionun ən böyük ölkələrindən biri, eyni zamanda BMT TŞ-nin
5 daimi üzvündən biri kimi dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya
əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqlu və bir-birinin daxili işlərinə
müdaxilə etməmək prinsipləri əsasında inkişaf etməkdədir.
Dövlət başçıları bir daha iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə
təhlil etdilər. Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaş kimi, iqtisadi
əlaəqələri daha da inkişaf etdirməyi hədəfləyib. Dövlət başçıları həmçinin regional
təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdilər. Ötən ilin sentyabrında – Azərbaycanın
həyata keçirdiyi antiterror əməliyyatlarından sonra regionda tamamilə yeni şəraitin yarandığını
nəzərə alsaq, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülh üçün yeni imkanlar yaranıb və
bğlgə dövlətləri bu fürsəti əldən vermək istəmir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki,
bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə
Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Kreml isə hesab edir ki, Cənubi
Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam
şəkildə cavab verməlidir. Bu baxımdan Rusiya Prezidenti ölkəsinin gələcəkdə də Azərbaycan-
Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya,
Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli
razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcəyini bəyan etdi.
Moskva eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd
marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına da kömək etməyə hazırdır.
Azərbaycan dünyada dialoq məkanı öz mövqeyini daha da möhkəmləndirib. Təsadüfi deyil ki,
həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri olan ölkə kimi qarşıdurmanın sülh yolu ilə
həllində Rəsmi Bakının imkanlarından istifadə oluna bilər.
Bir sözlə, Rusiya-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti də göstərir ki, regionda
sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət sayəsində Rəsmi
Bakı qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə nail olub. Bu,
ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha möhkəmləndirir.
Orxan Mikayılov,
Sabirabad rayon, Ulacalı kənd sakini


08:37 22.08.2024