Gənclər və idman siyasəti Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Bu sahənin
inkişafı ilə bağlı kifayət qədər işlər görülüb. Görülən işlərin nəticəsidir ki, müxtəlif idman yarışlarında
Azərbaycan bayrağı daim ucalarda dalğalanır. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman
sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Gənclərimizə, onların sağlam, bilikli, vətənpərvər insan kimi böyüməsinə hər zaman ciddi diqqət
yetirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu istiqamərdə çox işlər görüb. İdmanla
bağlı müxtəlif dövlət proqramlarının, qanunverici aktların qəbulu gənclərin bu sahəyə marağını daha da
artırıb. Sevindirici haldır ki, nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda da müasir standartlara
cavab verən idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar gənclərin həm asudə vaxtlarının səmərəli
keçirməsinə, həm də zərərli vərdişlərdən uzaq olmasına zəmin yaradıb.
Onun uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bildirib ki, gənclərin
zərərli vərdişlərdən uzaq olması, onların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı kompleks işlər
görülür. Bu baxımdan idmanın da rolu danılmazdır. Belə ki, idman gənclərin zərərli vərdişlərdən uzaq
olmasına kömək edir.
İdman sahəsinə göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının
beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin,
peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı XXXIII Paris Yay Olimpiya
Oyunlarında gəlmişdir. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc
medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır.
Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri
arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti
İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və
onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən
dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir
yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara
xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da
göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik edən ölkə başçısı qyd edib ki,
məhz onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş ediblər. Onların həm
peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən
sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya
Oyunlarında bir daha təsdiq ediblər. Qalib idmançıların məşçilərini də təbrik edən ölkə başçısı
federasiyada təlim-məşq prosesinin düzgün qurulmasını, buradakı ab-havanın gözəl olmasını
vurğulayıb.
Qeyd edilib ki, olimpiadada iştirak edən Azərbaycan idmançıları beş idman növündə – cüdo,
boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanıblar. Bu da onu göstərir ki,
Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Bu gün Azərbaycanda idmana maraq artmaqdadır. Adını dünya idman tarixinə yazdıran
idmançılarımız Azərbaycan bayrağını daim uca zirvələrə qaldırırlar. Bütün bunların əsasında
hökumətin idmanla bağlı həyata keçirdiyi doğru, düşünülmüş idman siyasəti dayanır. İdman
infrastrukturlarının qurulması, bərpası istiqamətində aparılan işlər nəticəsində idmana maraq kütləvi hal
alıb. Demək olar ki, bütün sahələr üzrə həm kifayət qədər təcrübəli mütəxəssislər formalaşıb, həm də
maddi texniki baza vardır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların
məşqçiləri ilə görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, hazırda bir neçə idman növündə
nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq
xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul
olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında
koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu
Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm,
növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.
Azərbaycan idman siyasətində əldə etdiyi uğurlara görə dünya ölkələri arasında mühüm yer
tutur. Bu zamana kimi bir sıra mötəbər idman yarışları təşkil olunub və artıq kifayət qədər dərin təcrübə
əldə olunub. Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədi olduğundan dövlət vətəndaşların
idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana
maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir.
Bu gün Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət
göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin
və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu
diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
Xalid Məmmədov,
“P-Aqro” MMC-nin Sabirabad filialının direktoru