Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində idman sahəsində də
böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman
sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan vəhazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda
qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Növbəti belə uğur XXXIII Paris Yay Olimpiya
Oyunlarında qazanılıb. İdmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc
medal qazanmışlar. Azərbaycan bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır.
Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri
arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti
İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və
onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edib.
Prezident İlham Əliyev həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların sayının
çox olacağına əminliyini bildirərək vurğuladı ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim
sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı,
vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki,
biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.
Qeyd edilib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də
növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan
sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl
şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub,
federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu
Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm,
növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.
Görüşdə ölkə başçısı qızıl medalçılarımızı – Hidayət və Zelimi ürəkdən təbrik edərək bildirdi ki,
“Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər
birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu
liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo
Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün
qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”, – deyə dövlət başçısı əlavə
edib.
Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada layiqincə təbliğ edirlər. İdman Azərbaycanın
dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Hazırda ölkəmizdə idmanın kütləviliyini
təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün
Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta,
işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, İdman Komplekslərinin və müxtəlif
idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapmışdır. Bu diqqət,
qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı uğur bir daha sübut etdi ki,
Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.
Bu uğurlar da idman mütəxəssisi olaraq məni çox sevindirir.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru