KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan
Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib.
Ertəsi gün Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və
Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edərək bu mötəbər
toplantıda çıxış edib.
Görüşdəki çıxışında ölkə başçısı qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən
birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib
ki, “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək
artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25
milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət
donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində
infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da
artırır”.
“Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata
keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan
birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal
infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir”, – deyə Prezident İlham
Əliyev vurğulayıb.
Vurğulanıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx
əməkdaşlıqda maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və
Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji
sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qeyd edilib ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və
təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən
ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq
əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib:
“Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan
müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-
mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər
birləşdirir. Dövlət Başçılarının Astanadakı görüşdə Prezident İlham Əliyev qeyd edib:
“Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq
münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal
dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad
olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin
öz doğma yurdlarına qayıdışı davam edir”.
Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan,
Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında
əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi
töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün
mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq
əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan
sonra da davam edəcəkdir.
Nicat Zülfüqarov,
“Azərpoçt” MMC-nin Sabirabad rayon filialının əməkdaşı


19:13 11.08.2024