Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan Ulu Öndər Heydər
Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir.
Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni
münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir.
Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini
ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan doğma dilimizin
xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu
öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini
yaşadan onun dilidir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!» sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini
ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinə çox
qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir.
Məhz ulu öndərin səyləri və təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş
Azərbaycan SSR Konstitusiyasında 73-cü maddənin “Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və bu
təşəbbüs Konstitusuyada öz əksini tapdı. Bununla Ulu Öndər gələcək müstəqil dövlətçiliyin
milli rəmzlərindən birini məharətlə qorudu.
Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun
qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən,
peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq
borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan,
dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan Ümummilli
Lider Heydər Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın
qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan
problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni
məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev «Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə
nəzərdə tutulan və həlli vacib istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin
«Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında ana dilimizin qorunması üçün
həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.
Bu gün Azərbaycan tarixi ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib,
bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini
genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim
edir. Dilimizin inkişafı da öz növbəsində bu işlərə yardımçıdır.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc