KANAL24.AZ
Az Iw En Ru

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir

Ümummilli liderimiz  Heydər  Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli
sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən  biridir. Buna görə də hər bir xalqın ana
dili onun qürur mənbəyidir.  Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız,
himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras
qoyub  getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə
gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi,  Şah İsmayıl Xətai, 
Məhəmməd Füzuli, Molla Pənah Vaqif,  Mirzə Fətəli Axundzadə,  Səməd Vurğun kimi dahi 
yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə
baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər
Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX
çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada
vermək təklif olundu və Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi
xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən
birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır.
Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il
noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili
kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin
inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin,
mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı.
Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq
müstəqil dövlətimiz dilimizin  saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr
görür. Dövlətimizlə yanaşı  biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Müasir dövrümüzdə
sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda  və dövlət
idarələrində dilimizdən istifadə edərkən,  həmçinin  dilimizin saflığının qorunması da
düşündürücü  məqamlardan  biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik
qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz
ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri


20:41 30.07.2024