KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan dilinin inkişafında yeni mərhələ

Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müəyyən sınaqlarla üz-üzə qalıb. Azərbaycan dili
belə bir çətin dövrlə ölkəmiz Sovetlər birliyinin tərkibində olduğu zaman, xüsusilə də 70-ci illərin
ortalarında üzləşmişdi. Belə ki, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında ana dili
məsələsi yenidən gündəmə gətirilir, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir dövrdə milli dil məsələsini gündəmə gətirmək və
ana dilinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. İttifaq tərkibində olan respublika rəhbərləri milli
dil məsələsini gündəmə gətirməkdən çəkinirdililər. Lakin həmin dövrdə Azərbaycan Respublikasına
rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dili məsələsinsə öz cəsarətli mövqeyini bildirmiş və bu
istiqamətdə tarixi bir addım ataraq 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olmuşdur. Həmin dövrdə
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin dönməz mübarizəsinin
nəticəsidir. Bu işdə dahi şəxsiyyət bütün qüvvələri səfərbər edərək Azərbaycan ziyalılarını, xalqı ana
dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb  etmişdi. 
Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ulu Öndər
Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin
məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verdi. 
Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət
mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil
Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi
baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş
məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  Fərman imzalamış və bu Fərmana əsasən hər il
avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası
Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır.
Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi
qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir
Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı
cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. 
Prezident cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsini xüsusilə qeyd etmək olar. Məlum Dövlət Proqramının məqsədi
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasından
ibarətdir. Müasir dövrün tələblərini nəzərə alaraq ölkə başçısı 17 iyul 2018-ci il tarixdə  “Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” da
Sərəncam imzalamışdır. Bu Sərəncam isə Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da
genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd
edirdi ki, dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi
mümkün deyildir. Məhz Prezident cənab İlham Əliyevin Azərbaycan dilininin qorunub saxlanması və
inkişafını təmin etmək üçün imzaladığı Fərman və Sərəncamlar xalqımızın tərəqqisinə xidmət edir.
Eyni zamanda, bütün bunlar Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ana dilimizin
qorunması üzrə siyasi xəttinə sadiqliyindən xəbər verir. 
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


19:40 30.07.2024