KANAL24.AZ
Az Iw En Ru

Ən böyük milli sərvətimiz - Azərbaycan dili ana dilidir

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu
əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
təsis edilib.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil
dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa
imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub.
Məlum olduğu kimi, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi.
Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə
dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana
dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bununla belə, yaranmış əngəllərə
baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib.
Azərbaycan  dilimizin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün
mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək
lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili
haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə
sonadək öz prinsipial mövqeyini göstərir. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali
Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun
ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış
edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara
alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili
olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara
nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım olur .
Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev haqlı
olaraq deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf
etdirən onun dilidir . Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz
Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək
səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi
istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və
Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və
inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər
Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində
əsas vəzifələr dəqiq göstərilib.
Dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident
İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-
də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq
əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının
təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl
tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan
Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli
Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının
və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının
yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və

tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin
müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham
Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı
bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və
tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha
təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-
hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin
Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


18:38 30.07.2024