“Tarixi şəhərimiz olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər
beynəlxalq tədbirlərə evsahibliyi edib. Bugünlər isə Qarabağın incisi olan şəhərdə “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə
yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3
beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət
platforması rolunu oynayır. Bütün bunlar beynəlxalq tədbirin önəmindən xəbər verir”.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm
aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi
Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir ki, dünyanın aparıcı media, jurnalist
təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış
jurnalistləri bir araya toplayıb. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın
əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün
siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media
savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes
nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə
mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri,
ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və
yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış günündə bir çox məsələlər, o cümlədən
regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması
və digər mövzularda çoxsaylı sualları cavablandırıb. Dövlət başçısının dediyi kimi, Azərbaycan
haqqında beynəlxalq mediada dezinformasiyalar yayılır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq.
Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə də belə hallar çox idi.
Azərbaycan işğala məruz qaldığı halda belə, bizi bir sıra beynəlxalq meda təcavüzkar adlandırırdı.
Burada məqsəd əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək və Azərbaycanın beynəlxalq
müstəvidə imicinə zərbə vurmaq idi. Bu prosesdə xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni
lobbisi və diasporu əsas rol oynayırdı. Ona görə də, Şuşa Forumunun müzakirə mövzusu çox aktual
idi. Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında
sülh imkanlarından da ətraflı bəhs edib. Artıq tərəflər arasında sülh sazişinin mətnin 80-90 faizi
razılaşdırılıb. Prezident İlham Əliyev bununla belə hələ iki məsələnin olduğunu bildirib. Dövlətimizin
başçısı bildirib: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan,
həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir
bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb
yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir
yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda
ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz
onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və
ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə
məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu
hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı
ərazi iddiası var və bu, çox ciddi bir faktordur”. İkinci məsələ isə odur ki, Ermənistan konstitusiyasında
dəyişikliklər edilməlidir. Çünki həmin konstutusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Nikol
Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi isə bir da
rəsmi İrəvanın sülhə maraqlı olmadığını göstərir. Əgər belə vəziyyət davam edərsə, itirən qarşı tərəf
olacaq. Çünki sülh olmasa Ermənistanın heç bir gələcəyi yoxdur.
Sevinc Mikayılova,
Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasının müdiri