KANAL24.AZ
Az Iw En Ru

Şuşadan səsləndirilən qlobal təşəbbüslər

Şuşa bu il də Milli mətbuatımızın 149 illiyi münasibətilə Qlobal Media Forumuna ev
sahibliyi edir. İyulun 20-22-də keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı
mübarizə” adlı Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə
yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) ilə əlaqədar iştirakçılara hazırlıq işləri, ölkə səviyyəsində iqlim
dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
prosesin barədə məlumat verilib. Ölkə başçımızında çıxış etdiyi Qlobal Media Forumu
dünyaya mesajlarla yadda qalır. Jurnalistlərin suallarını cavablandıran cənab İlham Əliyevin
səsləndirdiyi fikirlər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Dövlət başçısının regional
və qlobal məsələlər barədə səsləndirdiyi fikirlər yeni dünya nizamında olduqca əhəmiyyətli
rola malik Azərbaycanın nüfuzunun göstəricisidir.
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır, Şuşa Qələbəmizin və sülhün
rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu.
Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması Azərbaycan
xalqının və rəşadətli Ordunun cəsarətinin rəmzidir. Şuşa Azərbaycan xalqının taleyində,
tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Ümumən,
Qarabağ diyarı şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar, generallar yurdudur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşaya xüsusi diqqət
göstərilir. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhər və kəndlərimizin, tarix-
mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış
infrastrukturunun kompleks bərpası və yenidən qurulması istiqamətində intensiv işlər aparılır.
Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, qədim qalaya yenidən mədəni həyat qayıdır.
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir.
Beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin
təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan qlobal əhəmiyyətli
problemlərə qarşı səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz əməli fəaliyyəti ilə sülhün və
təhlükəsizliyin möhkəmlənməsinə səy göstərir.
Beynəlxalq ictimaiyyətlə kommunikasiyaların qurulması Azərbaycan kimi inkişaf
dinamikasını daim diqqət mərkəzində saxlayan dövlət üçün olduqca önəmlidir. Ölkə
başçımızın bu çərçivədə qətiyyətli addımlar atması, beynəlxalq məkanda bəşəri proseslərə
adekvat yanaşma sərgiləməsi, onun şəxsi imicinin ölkəmizə qazandırdığı prestij və
divindendlər Azərbaycanın parlaq gələcəyinin qarantıdır. Xüsusilə, Prezident İlham Əliyevin
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı
iştirakı hələ də siyasi və sosial dairələrin diqqət mərkəzindədir. Dünya mediasının aparıcı
nümayəndələrinin ölkə başçımıza ünvanladıqları suallar və bu çərçivədə praqmatik həll
yollarının dilə gətirilməsi Prezident İlham Əliyevin lider kimi bacarıq və keyfiyyətlərini bir daha
bütün dünyaya nümayiş etdirdi. Əcnəbi media nümayəndələri Azərbaycan həqiqətlərini,
ölkəmizin müasir reallıqlarını öz gözləri ilə gördülər. Eyni zamanda Forum vasitəsilə
mədəniyyət paytaxtımız Şuşadan növbəti dəfə dünyaya önəmli mesajlar verildi.
Qeyd edək ki, Azərbaycanda 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə
birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında
sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir. Eləcə də
jurnalistlərin mənzillə təmin olunması, qəzet və jurnalların nəşriyyata olan borclarının silinməsi
deyilənlərə əyani misaldır. Məhz Şuşada cənab Prezidentin də qeyd etdiyi kimi,
Azərbaycanda media qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki,
dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media
cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır. Məhz Azərbaycandakı media
qurumları dövlətimiz üçün mühüm önəm daşıyan xəbərlərin qəbuluna daim hazır olmalıdır.

Xüsusi vurğulanmalıdır ki, ötən media forumda bir çox məsələlər ətrafında ölkə başçımız
aydın və səlis fikirlər səsləndirdi. Üç saata yaxın yerli və xarici media nümayəndələrinin
suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş
verən hadisələrlə bağlı Prezident İlham Əliyevin söylədiyi fikirlər beynəlxalq məkanda diqqət
mərkəzində dayandı. Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət
başçısı bildirib ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət
sağlamlaşacaq və bu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə,
potensial və mümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu
sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də
Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan
verəcək. Təbii ki, burada Qarabağ və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə
tutulur. Hazırda bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini
nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu
inkaredilməzdir.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


07:13 24.07.2024