Həqiqətən də, qürurverici mənzərədir, qeyrət qalamız, gözəl məkanımız Şuşada
dünyanın ən vacib məsələləri, üzləşilən problemləri müzakirə edilir, qlobal xarakterli qərarlar
qəbul olunur. Bu, dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
“Əziz Şuşa, biz səni dirçəldəcəyik” kəlamının real nəticələridir. Qısa müddətdə Şuşanı bərpa
etmək, dünyaya tanıtdırmaq, kimliyini bəyan etmək, həmçinin beynəlxalq tədbirlərin keçirildiyi
mərkəzə çevirmək bilavasitə dövlətimizin qüdrətini, Prezident İlham Əliyevin mükəmməl
idarəçiliyini və qurucu, yaradıcı qabiliyyətini göstərir. Bu dəfə isə mədəniyyətimizin paytaxt
Şuşa dünya mediasının üzləşdiyi xoşagəlməz hadisələrin həlli ilə məşğul olan “Yalan
məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media
Forumuna evsahibliyi etdi. Öncə onu deyim ki, bu mötəbər Forumda 50-yə yaxın ölkədən
150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3
beynəlxalq təşkilatın və 82 media qurumunun iştirak etməsi, birgə müzakirə aparması tədbirə
artan marağı və onun önəmini göstərir. Mövzu da son dərəcə aktualdır. Çünki yalan, heç bir
əsası olmayan, böhtan xarakterli, beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən
yayındıran, cəmiyyətləri çaşdıran, ayrı-ayrı dövlətlər haqqında mənfi obrazlar formalaşdıran
informasiyalar baş alıb gedir. Azərbaycan da uzun illər dezinformasiyadan əziyyət çəkən
ölkələrdəndir. Odur ki, bu mənfi tendensiyaya qarşı birgə mübarizə olduqca labüddür”.
Müxtəlif ölkələrdən bu qədər xarici qonağın, o cümlədən media mənsubunun işğaldan
azad edilmiş ərazilərimizə gəlməsi, orada işğalçılar tərəfindən törədilmiş vandalizmin izlərini
gözləri ilə görməsi, eləcə də bu gün Azərbaycanın həmin torpaqlarda apardığı quruculuq işləri
ilə tanışlıq, bu ərazilərin əsl sakinlərinin kimlər olduğunu bilməsi çox vacibdir: “Bu,
Azərbaycana qarşı müxtəlif çevrələrdə hazırlanan yalan məlumatlara, formalaşdırılan mənfi
rəyə qarşı atılan ən doğru addımdır. Çünki burada hər şeyə özü şahid olan, peşəsinə vicdanla
yanaşan jurnalist həm təmsil etdiyi ölkəyə, həm də beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır.
Açılış mərasimində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, iştirakçıların
çoxsaylı suallarını cavablandırması Forumun əhəmiyyətini əks etdirir. Prezident İlham Əliyev
fəaliyyəti ərzində daim mətbuata açıq olub, yerli və xarici jurnalistlərlə görüşlər keçirib, onları
maraqlandıran suallara aydınlıq gətirib. Bu, sözsüz ki, azad mətbuatı hər zaman dəstəkləyən,
onların sərbəst fəaliyyətinə geniş imkanlar yaradan ölkəmizin başçısının demokratik
təbiətindən irəli gəlir. Biz cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və ondan sonrakı
dövrdə onlarla xarici KİV-ə verdiyi müsahibələri yaxşı xatırlayırıq. O, informasiya cəbhəsində
də öndə olaraq məntiqli və tutarlı cavabları ilə baş verən hadisələrin mahiyyətinin ətraflı
izahını verdi, dezinformasiyaları alt-üst edərək həqiqətləri, Azərbaycanın ədalətli mövqeyini
dünyaya çatdırdı”.
2-ci Şuşa Qlobal Media Forumunda da iştirakçıların müxtəlif məzmunlu suallarını geniş
zəkası, dərin biliyi, tutarlı arqumentləri və dəmir məntiqi ilə cavablandıran dövlətimizin başçısı
cənab İlham Əliyev həm bölgədə, həm regionda, həm də dünyada yaşanan proseslərin aydın
və hərtərəfli şərhini verdi. Eyni zamanda Prezidentimiz Azərbaycanın dünyada yerini və
rolunu, həyata keçirdiyi xarici siyasətin mahiyyətini, qlobal sülh və təhlükəsizliyə töhfələrini
qeyd etdi. Beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilən cənab İlham
Əliyevin fikirləri, irəli sürdüyü təşəbbüslər daim beynəlxalq ictimaiyyət tərəfindən maraqla
qarşılanır və təqdir olunur. Heç təsadüfi deyil ki, Prezidentimizin bu Forumdakı çıxışı qısa
müddətdə dünyanın nüfuzlu informasiya agentliklərində geniş işıqlandırıldı və təqdir olundu.
Forumda və bu çərçivədə təşkil olunan panel sessiyalarda aparılan fikir və təcrübə
mübadilələri yalan məlumatların ifşasında, dezinformasiyaya qarşı mübarizədə kifayət qədər
faydalı olacaq.
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi