İyulun 20-də ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində “Yalan məlumatların
ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun
açılış mərasimi keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a
yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı
Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və “Euronews”
televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın və iştirakçıların
suallarını cavablandırıb.
Vurğulanıb ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən
vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu.
Jurnalistlərimiz 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük
fədakarlıq göstərdilər. Onlarla jurnalistimiz qismən səfərbərlik proqramının iştirakçıları kimi
qələmini süngüyə çevirərək hərbi əməliyyatlarda iştirak etdi. Göstərdiyi igidliklərə görə
müxtəlif medallarla təltif edildi. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin
dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi və indi də bu missiyanı davam
etdirərək ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini
verməkdədir.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media
qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında
müstəsna rol oynadı.
İkinci Şuşa Qlobal Media Forumunu regionda və Azərbaycanda baş verən hadisələri
dəqiqliklə, əsaslı şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir. Dövlət başçısı İlham Əliyevin
ikinci Şuşa Qlobal Media Forumundakı çıxışında da əsas çağırışlarından biri bu oldu ki,
regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırısın.
Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir.
Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara
əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki,
natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik
həyatımıza çevrilir. Artıq Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana
bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların
gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri
formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa
Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
Forumda Azərbaycanın reallıqları sırasında iqtisadi uğurlara xüsusi diqqət
göstərildiyini bildirib. Ölkəmizin enerji sektorunda qazandığı uğurlar, yeni əməkdaşlıq
formatlarının yaradılması üçün mövcud imkanlar, Azərbaycan qazının Avropaya nəqlinin iki
dəfə artırılmasının əsas hədəflərimizdən olduğu geniş müzakirə edildi. 2021-ci ildə ölkəmiz
Avropaya 8 milyard kubmetr qaz nəql edirdi. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın
təbii qaz nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaq. 2027-ci ilin sonuna
qədər Azərbaycan Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıdır. Bu resursların
Avropaya mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları
vasitəsilə çatdırılması planlaşdırılır. Bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli
faktorudur. Dövlətimizin başçısı bildirdi ki, “atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər
əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi
müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək”.
Prezident İlham Əliyev suallara cavabında bildirib ki, “Eyni zamanda, Azərbaycan bəlkə
yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə,
Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və
imzalayıb. Yəni, Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam
Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən
ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr
maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya
bilər”.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, “Azərbaycan kimi ölkədə media
qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün mühüm önəm
daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və
yaxın köməkçisi olmalıdır. Respublikamızın iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdiyinə
görə region dövlətləri içərisində öndə gedir. Özünü dünyada enerji istehsalçısı kimi sübut
edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi təqdim
edir”. Ölkəmiz Beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli
vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın
regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə
həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının
yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu gün də ölkəmiz Cənubi
Qafqaz regionunda inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində
apardığı islahatlara görə dünya mediasının diqqət mərkəzindədir. Əminliklə deyə bilərik ki,
aparılan bu siyasət davamlı olacaqdır.
Qeyd edək ki, Forum çərçivəsində həm də “Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha
davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və
dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media”
mövzularında dörd panel sessiya təşkil olunub. Panel sessiyalarda müxtəlif ölkələrdən olan
rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq
təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri,
ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə
bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə geniş məlumat
verilib.
Lalə Musayeva,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin baş məsləhətçisi