Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz
ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə
toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı. Bu
gün ölkəmiz Avropanın bir neçə ölkəsinə qaz ixrac edir. Avropa İttifaqı ilə Azərbaycan
arasında bağlanan razılaşmalara görə, bir neçə il ərzində bu tədarükün həcmi daha da
artırılmalıdır. Rusiya–Ukrayna müharibəsinə görə Avropanın özünün enerji təhlükəsizliyini
təmin etdiyi vasitələr məhdudlaşıb. Ukrayna ərazisindən keçərək Macarıstana, Sloveniyaya
və Avstriyaya gedən Rusiya qazını ilin sonunda kəsəcəyini bəyan edib. Bu da Şərqi Avropa
ölkələri üçün enerji təhlükəsizliyi sahəsində əlavə olaraq böyük gərginlik yaradacaq.
İyulin 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham
Əliyevə olan yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə
üçün önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi
məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı
çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da
rəğbətlə və maraqla qarşılandı.
Prezident İlham Əliyevin dəyirmi masada söylədiyi “enerji sahəsində Bakıda
müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin
sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə
Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici
13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil
edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz
təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya
2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə
yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız
və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar
prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması
üzərində çalışmalıyıq” fikirləri Avropa ölkələri üçün böyük dəstəkdir.
Ölkəmiz enerji sahəsi ilə yanaşı nəqliyyat–kommunikasiya sahəsində də böyük
imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada gedən
müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları bağlanmaq
üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa, şaxələnmiş Orta
Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq enerji və ticarət
yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa qüvvələrin münaqişə
mərkəzinə çevrilməməsinə yönəlib. Bunun nəticəsində ölkəmiz təkcə özünün deyil, Cənubi
Qafqazın, Mərkəzi Asiyanın siyasi və hərbi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi
çıxış edir. Bu da Azərbaycana beynəlxalq münasibətlərin, sadəcə, iştirakçısı deyil, qurucusu,
istiqamətverici qüvvəsi olmaq imkanı verib.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi