KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır

Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz
təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru
irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil
edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18
milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan
çoxu Avropaya gedir.
Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan,
İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün
namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş
nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində
mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola
biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox
Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Azərbaycan Avropanın enerji təhlükəsizliyin təmin olunmasında əvəzedilməz
ölkələrdən biridir. Ona görə də Azərbaycanın iştirakı olmadan “Avropa Siyasi Birliyi” Zirvə
toplantısında enerji təhlükəziliyi sahəsində müzakirələrin aparılması əhəmiyyətsiz olardı.
Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak edən Prezident İlham Əliyevə olan
yüksək diqqət, səmimiyyət, liderlərin görüş üçün müraciətləri Azərbaycanın qitə üçün
önəminin bariz nümunəsidir. Onlar Prezident İlham Əliyevi özlərinin enerji təhlükəsizliyi
məsələsində qarantor, xilaskar kimi görür və qiymətləndirirlər. Birliyin Zirvə toplantısı
çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dövlətimizin başçısının çıxışı da
rəğbətlə və maraqla qarşılandı.
Ölkəmiz enerji sahəsi ilə yanaşı, “bağlantı”, yəni, nəqliyyat–kommunikasiya sahəsində
də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir. Bu gün dünyada
gedən müharibələr, siyasi və hərbi münaqişələr səbəbindən Şərq–Qərb ticarət yolları
bağlanmaq üzrədir. Lakin Azərbaycan dünyaya iki qitəni birləşdirəcək təhlükəsiz, qısa,
şaxələnmiş Orta Dəhliz marşrutunu təklif edir. Prezident İlham Əliyevin siyasəti beynəlxalq
enerji və ticarət yollarının keçdiyi ərazilərdə sabitliyin qorunmasına, regionun başqa
qüvvələrin münaqişə mərkəzinə çevrilməməsinə yönəlib.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən təbii qaz
təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. . 1994-cü ildə "Əsrin
müqaviləsi" imzalanandan sonra ölkəmiz dünya bazarlarına enerji, xüsusilə də xam neft ixrac
etməyə başladı. "Şahdəniz", "Cənubi Qafqaz Boru Kəməri", TANAP və TAP kimi 4 layihədən
ibarət, XXI əsrin ən mühüm infrastruktur layihəsi - Cənub Qaz Dəhlizinin açılması isə
ölkəmizdə neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Azərbaycan
təbii qazı Avropa üçün mühüm enerji mənbəyidir.
Son illər Azərbaycan təbii qazının Avropaya ixracının artırılması və yaşıl enerji
sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Aİ ilə ölkəmiz arasında intensiv
danışıqlar aparılır. Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol
oynayan və bu istiqamətdə böyük layihələr həyata keçirən Azərbaycanın təbii qazına bu gün
Avropada böyük tələbat var. Digər tərəfdən isə Avropa bazarı Azərbaycan üçün ən əlverişli
bazardır. Artıq Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Azərbaycan
öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxararaq Cənub Qaz Dəhlizinin
sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya
məqsədli qaz nəql edir. Trans-Anadolu Qaz Kəməri (TANAP) 2018-ci il iyunun 12-də, ikinci
fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilmişdir. 2019-cu il iyulun 1-dən etibarən
Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilən TANAP
Azərbaycan, Gürcüstan, Türkiyə xətti ilə TAP xəttinə birləşir və Bolqarıstan, Yunanıstan,
Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də
bundan faydalanır.
Qeyd etmək lazımdır ki, yaşıl enerji ekoloji cəhətdən təmiz enerji mənbəyidir. Bu
baxımdan, Avropa Komissiyası enerji təhlükəsizliyinin təminatında üç əsas istiqaməti

müəyyən edir: enerjiyə qənaət, təmiz enerji istehsalı və Aİ-nin enerji təchizatının
şaxələndirilməsi. Enerji istehsalı, sənaye, tikinti və nəqliyyat sektorunda bərpaolunan enerjinin
genişləndirilməsi çərçivəsində Komissiya hədəfi 2030-cu ilə qədər 45 faizə çatdırmağı
planlaşdırır. Beləliklə, Azərbaycanda yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi tərəflər
arasında qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək. Azərbaycan da öz növbəsində enerji
istehsalını şaxələndirmək üçün yaşıl enerji layihələrini dəstəkləməkdə maraqlıdır. Son illərdə
ölkəmizdə yaşıl enerji zonalarının yaradılması və tədricən dekarbonizasiya prosesi vasitəsilə
enerji sektorunda davamlı inkişafa start verilib. Avropa İttifaqı ilə iqtisadiyyatı neft və qaz
gəlirləri əsasında dinamik sürətlə inkişaf edən Azərbaycan arasında əlaqələr bir çox
sahələrdə uğurla davam edir. Möhkəmlənən əlaqələrin əsasında isə enerji sahəsində
əməkdaşlıq mühüm yer tutur.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi


17:37 22.07.2024